Bu günün gəncliyi düşüncə, zəka, bacarıq və davranışları ilə adətən bizləri sevindirir. Vətən müharibəsinin qəhrəmanı, qalibləridir bu gənclər. Onlara olan etimadımız son savaşda bir daha öz təsdiqini tapdı. Əmin olduq ki, heç bir sosial-iqtisadi çətinlik, bəzi hallarda siyasi-psixoloji təqiblər onlarda Vətən ruhunu qətiyyən zədələməyib.
Azərbaycan gəncliyinin hazırda diqqət və qayğıya böyük ehtiyacı var. İnsanların yaşayış səviyyəsinin aşağı olması, bundan qaynaqlanan ailə münaqişələri, gündəlik tələbat qayğıları, yüksək təhsil haqları, elm və təhsildəki dərin problemlər, işsizlik və saymaqla bitməyən çətinliklər...
Bütün bunlar cəmiyyətdə tam şəxsiyyət yetişməsini bir qədər əngəlləyir.
Ümumilikdə söz azadlığının məhdudlaşdırılması, düşüncələrin çərçivəyə salınma cəhdi gənclərin ictimai-siyasi fəaliyyətlərinə ciddi zərbə vurur.
Hər şeyə rəğmən, bu gün onların günüdür.
Minlərlə gənc qəlbində Məhəmməd Əmin Rəsulzadə sevgisi daşıyır. Onun dövlətçilik, türkçülük ideyaları ilə qidalanır və bəhrələnir. Bu sevgi bizi gələcəyimizin daha aydın və işıqlı olacağına ümidləndirir.
Elə böyük öndərin dili ilə əziz gənclər, sizlərə səslənirik: Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi: "Bir kərə yüksələn bayraq bir daha enməz!"