Bu gün çox tarixi bir gündür.
24 il öncə Bütöv Azərbaycan ideologiyasını həm Azərbaycanın, həm dünyanın siyasi gündəminə gətirməyi bacaran mərhum prezident, Bütöv Azərbaycan Birliyinin ilk rəhbəri Əbülfəz Elçibəyin təşəbbüsü ilə güneyli-quzeyli 50-dən artıq gənclər təşkilatı bir araya gələrək, Bütöv Azərbaycan Gənclər Gününü təsis etdi.
Bir neçə il müxtəlif gənclər təşkilatı bu günü müəyyən tədbirlərlə qeyd etsə də, təəssüf ki, hazırda bu günün önəmi bir az arxa plana keçmiş kimi görünür. Amma tam əminik ki, bu, müvəqqəti xarakter daşıyır. İstənilən hərəkat, milli mücadilə dalğavari xarakterə malikdir.
Biz inanırıq ki, bütövlük mübarizəmiz yaxın vaxtlarda yenidən vüsət alacaq və millətimiz bu tarixi missiyasını həyata keçirəcək.
İşğalda olan torpaqlarımızı rus-erməni hərbi cinayətkarlarından azad edən Azərbaycan gəncliyinin bir gün mütləq müqəddəs üçrəngli bayragımızı Təbrizdə dalğalandıracağından heç kimin şübhəsi olmamalıdır.
BMT-nin belə rəsmi şəkildə etiraf etdiyi bölünmüşlük faktı artıq ortadan qalxmalıdır.
Bu xalq heç zaman tarixi ədalətsizliklə barışmayıb və barışmayacaq.
24 il öncə Bütöv Azərbaycan Gənclər Gününü təsis edən ozamankı milli gənclərin bu gün müxtəlif siyasi partiyaların rəhbərliyində təmsil olunması bunu təsdiq edən amillərdəndir. Təsis gününün məhz aprelin 24-ü keçirilməsi də təsadüfi deyildi. Bu, qondarma “genosid”i ideologiyalarına çevirən erməni faşizminə bir cavab idi.
Azərbaycan gəncliyi!
Bütövlük gününüz qutlu olsun!
Haşiyə: Bütöv Azərbaycan Gənclər Gününü təsis edən gənclərdən üçü bu gün Azərbaycan Yüksəliş Partiyasının qurucuları sırasındadır.
Bəhrəm İsmayılov
AY Partiya Başqanının I müavini – İcra Aparatının rəhbəri