ABŞ-Azərbaycan diplomatik münasibətlərinin qurulmasından 30 il keçır. Bu müddət ərzində iki ölkə əsas etibarilə enerji, təhlükəsizlik, regional sabitlik və insan hüquqları sahələrində uzun bir yol qət edib.
Birləşmiş Ştatlar Azərbaycanla diplomatik əlaqələri 1992-ci ildə, müstəqillik əldə etdikdən sonra qurub. 30 il əvvəl ABŞ Dövlət katibi Beyker Azərbaycanda səfərdə olub. Ardınca Prezident Corc Buş 1992-ci il fevralın 19-da mətbuata açıqlamasında bu qərarı elan edib. ABŞ-ın Bakıdakı səfirliyi isə 1992-ci il martın 16-da açılıb.
Azərbaycan Yüksəliş Partiyası ( AY Partiya) ötən 30 ildə ABŞ və Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və sərmayələri genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq kimi mühüm məsələlərdə dərin əməkdaşlığını yüksək qiymətləndirir.
Birləşmiş Ştatların Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqliyini təqdir etməklə, onu əlavə edirik ki, regional məsələlərdə qarşılıqlı olaraq, uzunmüddətli və davamlı siyasi həll yollarının tapılması səylərini dayandırmaq olmaz, o cümlədən regional sabitlik, sülh və rifahı təşviq edən ölkələrarası münasibətlərin möhkəmləndirilməsini doğru hesab edirik.
Bakı və Vaşinqton arasında diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd etdiyimiz bir vaxtda Cənubi Qafqazda beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyü, suverenlik, müstəqillik, təhlükəsizlik, fundamental azadlıqlar və demokratiyaya Birləşmiş Ştatlarin verdiyi töhvələri yüksək qiymətləndiririk.
Xüsusilə Xəzər dənizindəki enerji ehtiyatlarını qorumaq və təhlükəli materialların, o cümlədən narkotik vasitələrin qanunsuz tranzitinin qarşısını almaq üçün Azərbaycan-ABŞ əməkdaşlığının daha da şaxələnməsi və dərinləşməsini AY Partiya olaraq vacib hesab edirik.