Bu gün Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Almas İldırımın dünyasını dəyişməsindən 70 il ötür.
A.İldırım 1907-ci ildə Bakının Qala kəndində doğulub. Gəncliyindən öz azad düşüncələri ilə yaşadığı mühitə meydan oxuduğuna və imkanlı bir ailənin oğlu olduğuna görə Bakı Dövlət Universitetindən qovulub.
Bədii yaradıcılığa gənc yaşlarından başlayan şairin qələmə aldığı əsərlərdə istiqlal motivləri və milli düşüncələr üstünlük təşkil edib. 1928-ci ildə milli ruhda yazdığı şeirlərinə görə Dağıstana sürgün olunub. 2 il sonra işıq üzü görən "Dağlar səslənərkən" adlı şeirlər kitabına görə Azərbaycan Yazıçılar İttifaqından xaric olunub və yenidən sürgünə - bu dəfə Türkmənistana göndərilib. 1933-cü ildə burdan da qovulan A.İldırım ailəsi ilə birlikdə çox böyük çətinliklə İrana yola düşüb. Əvvəlcə həbs olunan şair, bir müddətdən sonra azad olunub. Həmin il Türkiyəyə üz tutan A.İldırım Elazığ şəhərində məskunlaşıb.
Öz milli hisslərini poetik boyalarla tərənnüm edən şair, kommunizmə qarşı yazdığı şeirləri ilə də tanınıb. Vətənpərvərlik ruhunda yazdığı şeirlərdən ibarət "Boğulmayan səs" adlı kitabı işıq üzü görən Almas İldırım, 1952-ci ildə dünyasını dəyişib.
Azərbaycan Yüksəliş Partiyası mühacir şair, istiqlal nəğməkarı Almas İldırımın parlaq xatirəsini həmişə əziz tutur.