Bu gün Türk Dünyasının tanınmış siyasət adamı, böyük türkçü, hərbçi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucusu və başqanı Alparslan Türkeşin anım günüdür.
1917-ci ildə Lefkoşada anadan olan Alparsan Türkeş ilk və orta təhsilini orada alıb, 1933-cü ildə ailəsi birlikdə İstanbula köçüb. Türkeş İstanbulda hərbi təhsil alaraq, bir müddət Türkiyənin müxtəlif yerlərində hərbi müəssisələrdə fəaliyyət göstərib.
1940-cı illərdən sonra aktiv siyasətlə məşğul olub, milliyyətçi qurumlarda çalışıb, dəfələrlə həbs edilib, sürgünə məruz qalıb.
1947-ci ildə bəraət alan Türkeş göndərildiyi ABŞ-da piyada məktəbində oxuyub, Vaşinqtonda NATO-nun Daimi Nümayəndəliyində Türk Ordusunu təmsil edən heyətin tərkibində yer alıb.
1959-cu ildə Almaniyanın Atom və Nüvə Tədris Mərkəzinə göndərilib. Buradakı təhsilinin ardınca polkovnik rütbəsi alaraq, Türkiyə Quru Qoşunlarının NATO şöbəsinin müdiri təyin olunub.
1960-cı ildə Türkiyədə baş verən dövlət çevirilişindən sonra onun həyatı dəyişib. 1963–1980-ci illər arasında 4 çağırış Ankara və Adanadan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib.
1969-cu ildə isə Milliyətçi Hərəkat Partiyasını təsis edərək, ilk başqanı olub.
Alparslan Türkeş 4 aprel 1997-ci il tarixində Ankarada dünyasını dəyişib.
Azərbaycan Yüksəliş Partiyası böyük milliyyətçi Alparslan Türkeşin xatirəsini sayğı ilə yad edir.