Azərbaycan Yüksəliş Partiyasının Başqanı “Baykar Teknoloji”nin lideri Səlcuq Bayraktara başsağlığı ünvanlayıb.
Başsağlığı mesajında deyilir: “T3 Vəqfinin mühəndisi Tarık Keseci və onunla birlikdə gənc qardaşlarımız Muratcan Kaya, Kaan Talip Tığlı və Yusuf Taha Göktaşın dəhşətli bir yol qəzasında həlak olduqları xəbərini böyük üzüntü içərisində oxudum. Azərbaycanın ötən ilin payızında torpaqlarını işğaldan azad etmək üçün apardığı və qələbə ilə nəticələnən Vətən Savaşında şəxsən Sizin dəstəyinizi unutmaq mümkün deyil. Bu savaşın qazanılmasında rəhbərlik etdiyiniz qurumun istehsalı olan savaş texnikaları böyük rol oynadı, Bayraktar İHA-ları düşmənin qorxulu yuxusuna çevrildi. Bu texnikaların ərsəyə gəlməsində, istehsalında əməyi keçən qardaşımızın vaxtsız vəfatından böyük sarsıntı keçirdim. Tanrıdan bu qəzada vəfat edən qardaşlarımıza rəhmət, ailələrinə, yaxınlarına səbr diləyirəm”.