Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Mersinə səfəri çərçivəsində ərazisinə və qəbul etdiyi yüklərin həcminə görə Türkiyənin ən böyük limanı olan Mersin Beynəlxalq Limanına (MIP) baş çəkib.
AY Partiya Başqanını qarşılayan MIP rəhbərliyi qonaqları limanı gəzdirib, fəaliyyət sahələri haqqında məlumat verib. Anar Əsədli rəhbərliyindəki nümayəndə heyətinə tanıtım filmi nümayiş etdirilib.
MIP-in koordinatoru Mətin Altınsoy liman haqqında ətraflı məlumat verərək bildirib ki, liman 1950-ci ildə inşa edilib. Türkiyənin Aralıq dənizinə əsas qapısı olan liman hazırda ölkə daxilindən, xarici dövlətlərdən, o cümlədən Suriya, İraq, Müstəqil Dövlətlər Birliyindən yüklər qəbul edir.
Anar Əsədli liman idarəçilərinin Azərbaycana səfər etməsini, yeni qurulan iqtisadi zonalarla, o cümlədən Ələt İqtisadi Zonası ilə tanış olmasını, logistik mərkəzlərin qurulmasında iştirakını təklif edib. Partiya Başqanı əməkdaşlıqların qurulması üçün bu addımların atılmasının vacib olduğunu diqqətə çatdırıb.
AY Partiya Başqanını görüşdə I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, müavini Gülşən Hacıyeva, Baş Məclisin üzvü Saleh Həsənov müşayiət ediblər.