Türk dünyasının ozanı, ruhu, canı, qanı türklüklə yoğrulan Araz Elsəs Azərbaycan Yüksəliş Partiyasının qonağı olub.
AY Partiya Başqanı Anar Əsədli ilə keçirilən görüşdə Başqanın Beynəlxalq əlaqələr üzrə müavini Vasif İsmayıl, Siyasi məsələlər üzrə müavini Rəşad Bakuvi, Təskilat məsələlər üzrə müavini Əlövsət Xalıqverdiyev, Türk Dünyası və ideoloji məsələlər üzrə müavini Aynur Qəzənfərqızı, İnsan Haqları və QHT-lərlə iş üzrə müavini Gülşən Hacıyeva, Baş Məclis sədrinin müavini Rəqibə İsbiyeva, üzvü Rəfiqə Həmidli iştirak ediblər.
Anar Əsədli ozanı salamlayıb və Araz Elsəsə Azərbaycana gəldiyi üçün təşəkkürünü bildirib, onun mahnılarının mənəvi yükünün ağırlığından, dəyərindən, dinləyicilərinin ruhunun hər zaman coşğulu qalmasından bəhs edib. Görüşdə Başqanla Araz Elsəsin dostluğundan, birgə xatirələrindən danışılıb.
AY Partiya Başqanı müəllifi olduğu “Vicdanın labüd etdiyi savaş” və partiyanın kitabxanası silsiləsindən çap olunan Məhsa Mehdilinin “44 günlük savaşda Güney Azərbaycan” kitablarını qonağa təqdim edib.
Araz Elsəs də Anar Əsədliyə təşəkkürünü bildirib, ona çıxdığı yolda uğurlar diləyib. Ozan Güney Azərbaycan anlayışını xalqlarımızın birləşəcəyi günə qədər qəbul etdiyini, vahid Azərbaycan olacağımız günləri səbrsizliklə gözlədiyini bildirib.
Daha sonra Aynur Qəzənfərqızı qonağı gənclər üçün hazırlanmış “Başla” otağı ilə tanış edib, ozanı da “Başla” otağında gənclərlə görüşə dəvət edib. Görüş səmimi şəraitdə keçib. Görüşün sonunda xatirə şəkilləri çəkilib.