Türkiyə və Avropada yaşayan ələvilərin mərkəzi İstanbulda yerləşən CEM (Cumhuriyetçi Eğitim ve Kültür Merkezi) Vəqfinin qurucusu, Başqanı, dünya miqyasında tanınmış hüquqşünas İzzettin Doğan Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin rəhbərlik etdiyi nümayəndə heyətini evinə dəvət edib.
Anar Əsədli və İzzettin Doğan rəhbərlik etdikləri qurumların fəaliyyəti barədə danışıblar.
Vəqf Başqanı hazırda dünyanın 200 universitetində ələvilik mədəniyyətinin öyrənildiyini diqqətə çatdırıb, CEM Vəqfinin tərkibində eyniadlı radio və televiziyanın fəaliyyət göstərdiyini deyib. O, vəqfin dünya miqyasında böyük nüfuza malik olduğunu söyləyib.
AY Partiya Başqanı isə Azərbaycanda müsəlmanların əksəriyyətinin şiə məzhəbinə mənsub olduğunu xatırladıb. Əlavə edib ki, buna baxmayaraq, CEM Vəqfinin Azərbaycanla əlaqələri yoxdur. Partiya Başqanı təəssüflə qeyd edib ki, indiyədək münasibətlərin yaranması istiqamətində ciddi təşəbbüslər olmayıb: "İki ölkə arasında bəzi sahələrdə ümumiyyətlə, əlaqə yoxdur. Hesab edirəm ki, ölkələrimiz arasında bütün sahələrdə, həm də təkcə mərkəzi yox, regional səviyyədə münasibətlərin qurulması üçün təşəbbüslər olmalıdır. Biz bu ziyarətimizlə ilk addımı atdıq, davamını gətirmək üçün də planlar hazırlamalıyıq".
Səmimi şəraitdə keçəng görüşün sonunda Anar Əsədli İzzettin Doğana Azərbaycan bayrağı və "Xarı bülbül" nişanı təqdim edib.
Görüşdə Anar Əsədlini AY Partiya Başqanının I müavini Bəhrəm İsmayılov və müavini Gülşən Hacıyeva müşayiət ediblər.