Ölkənin Baş naziri Əli Əsədov Milli Məclisdə dərman vasitələrinin çatışmazlığı və bahalığı ilə əlaqədar danışarkən deyir ki, son qiymət artımı 13493 adda dərman vasitəsindən ancaq 277 dərman vasitəsinə şamil olunub, bu da ümumi dərman vasitələrinin cəmi 2 faizidir.
Daha sonra əlavə edir ki, qiyməti artan dərman vasitələrinin 47 faizi Rusiya və Ukraynada istehsal olunur.
Yaxşı, nə təklif edirsiz, hörmətli Baş nazir? Əhali bu durumdan necə çıxmalıdır?
Siz yaxşı bilirsiniz ki, Azərbaycanda dərmanın baha olmasının birinci səbəbi Tarif Şurasının dərman satışı ilə bağlı qəbul etdiyi vahid qiymət siyasətidir. Digər səbəblər isə dərman depolarının özfəaliyyətidir. Dərman satışında 20-30 faiz arası qazanc götürürlər. Dərman bahalılığının altında yatan səbəblərin rəsmi və qeyri-rəsmi yığılan rüsumlarla əlaqədar olduğunu düşünürsüzmü?
Tarif Şurasının dərman qiymətlərini nəzarətə götürməsindən sonra Azərbaycandan tanınan, samballı bir çox beynəlxalq şirkətin getdiyi doğrudurmu? Doğrudursa, burada tariflərlə müəyyənləşdirilən qiymətlərin nə qədər rolu var? Bu tariflərdə qiyməti formalaşdıran ünsürlərin təsiri nə qədərdir? Çünki bu qədər vergi, rüsum alınırsa, şirkət də hesablayır ki, o qiymətə sata bilməz.
Ən ciddi məsələ isə yerli istehsalın olmamasıdır. Yaxşı, deyə bilərsiniz ki, yerli istehsal üçün mütəxəssislərimiz yoxdur. O zaman bizim kimya, biologiya ixtisaslı universitetlərimizin 30 ildə yetişdirdiyi mütəxəssislər harda çalışır? Nə işlə məşğuldurlar? Ölkənin kadr potensialına bu qədər laqeyd yanaşanda nəticəsi belə olur, cənab Baş nazir.
Nə isə bu, başqa mövzudur. Yaxşı, deyək ki, kadrımız yoxdur. O zaman bizə doğma münasibət bəsləyən ölkələrin aidiyyəti şirkətlərini çağırın. Məsələn, niyə Türkiyənin dərman istehsalçılarını ölkəyə gətirməyə çalışmırsınız. Gəlib, həm investisiya yatırar, həm də gələcəkdə yerli istehsal üçün mütəxəssis yetişdirərlər.
Bunun üçün də parlamentdə təşəbbüskar və təəssübkeş millət vəkillərinə ehtiyac var ki, bunu sizlərə parlament tribunasından söyləyə bilsinlər. Türkiyənin, İsrailin, Ukraynanın dərman istehsalçıları ilə danışın, buraya sərmayə qoymalarını təmin edin. Yazıqdır, bu millət.
Xalq düşünür, necə olur ki, Azərbaycandakından qat-qat keyfiyyətli dərmanlar Türkiyədə buradan 3-4 dəfə ucuzdur? Türkiyədə şirkətlər dərman satışından qazanc götürmür?
Hörmətli Əli müəllim, nəhayət, dərman məsələsinə gəlir gətirən biznes sahəsi kimi baxmağın doğru olmadığını qəbul edin.
Axı, dərman da çörək, şəkər, düyü, yağ kimi strateji məhsuldur. Amma ən vacib məsələ İNSANDIR...
Azərbaycan Yüksəliş Partiyası Başqanı Anar Əsədli