Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Başqan müavini Sevinc Fədai və Başqan müşaviri Məleykə Alıoğlu ilə birlikdə Cümhuriyyət rüzgarının əsdiyi bu günlərdə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası və ailəsini ziyarət edib.
Təkcə bir qəhrəman general yetişdirdiyinə görə deyil, həm də cümhuriyyət və Rəsulzadə dəyərlərini yaşatdığı, milli kimliklərini qoruduğu üçün qiymətli olan bu ailəyə Məhəmməd Əmin Rəsulzadənin portreti hədiyyə edilib. Rəsulzadənin adını ürəklərinin başında daşıyan ailə onun portretini də evlərinin baş ucunda yerləşdirib.
Bu da onu göstərir ki, bu məmləkətdə ümid ölə bilməz, bu torpaqda Rəsulzadənin adı könüllərdən silinə bilməz. Elə dövlətimizin qurucu babasının dediyi kimi, şübhəsiz ki, həqiqət parıldayacaq. Nə xoş ki, o həqiqət bu gün həm də Zəfərin simvoluna çevrilən Polad paşanın ocağında parlayır və cəmiyyətimizə işıq saçır, yol olur.
Dövlətçilik dəyərlərinə bu qədər sadiq olduqlarına görə Səmayə ana və övladlarına təşəkkür edirik.
Var olun, milli düşüncəniz var olsun, parlasın! Var olun ki, hürriyyət havasını birlikdə tənəffüs edək!