Cənnətə getmək istəyərlər, amma ölmək istəməzlər...
Bu məşhur məsəl hakimiyyət təmsilçilərinin "regionda lider dövlət quracağıq, amma ölkədəki siyasi təşkilatlar, vətəndaş cəmiyyəti proseslərə kənardan baxmalı, işimizə qarışmamalıdır, çünki hər şeyi biz bilirik", - düşüncəsinə tam uyğundur.
Lider dövlətin bütün strateji sütunları çalışmalıdır, təkcə hakimiyyət qolu deyil.
Tehranda keçirilən Zirvə görüşündən sonra Azərbaycanın xarici işlər naziri türkiyəli və rusiyalı həmkarları ilə telefonla danışıb.
Məlumdur ki, Qarabağın ətrafı, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistan, Azərbaycan və İran, eləcə də ABŞ və Rusiya arasında müəyyən fikir ayrılıqları var. Bu və Azərbaycanın verilən təminatların yerinə yetirilməsini tələb etməsi mövcud vəziyyəti xeyli gərginləşdirib, hətta müharibə ritorikası həddinə çatdırıb.
Ortaya sual çıxır - nə baş verir?
Əlbəttə ki, siyasətlə məşğul olanlar az-çox nələrisə bilir, lakin şərh vermək belə müşkülə çevrilib. Çünki təxmin edilən proseslər sadəcə ehtimaldır, hökumət hər zaman olduğu kimi, taleyüklü, xalqın əsas məsələlərini xalqdan, eləcə də siyasi təşkilatlardan gizli saxlayır. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının və Azərbaycan müxalifətinin milli məsələlərə, xarici təhdidlərə nə qədər həssaslıqla yanaşdığını çılpaqlığı ilə nümayiş etdirdi.
Bəs, o zaman indiki münasibət nədən qaynaqlanır?
Nə üçün hakimiyyət strateji məsələləri gizli saxlayır?
Bir an öncə "biz hər şeyi yaxşı bilirik" yanaşması ilə müşayiət olunan idarəetmədən əl çəkilməlidir. Ölkədəki siyasi təşkilatlar, vətəndaş cəmiyyəti proseslərə cəlb olunmalı, dövlətlə bağlı məsələlərdə aktiv iştirak etməlidir. Bu vəsilə ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyini Tehran zirvəsində ölkəmizlə bağlı toxunulan məqamlara, rəsmi Ankara və rəsmi Moskva ilə olan diplomatik təmaslara, Azərbaycan-Ermənistan probleminə dair dolğun məlumat verməyə çağırırıq.
Anar Əsədli
AY Partiya Başqanı