Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Moldova Respublikasının Prezidenti xanım Maya Sanduya təbrik ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli Prezident!
Sizi və Moldova xalqını Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
31 il əvvəl müstəqilliyinə qovuşmuş Azərbaycan və Moldova respublikaları arasında siyasi, iqtisadi və mədəni münasibətlər uğurla inkişaf edir. Bu müddətdə iki dövlət arasında siyasi dialoq və müxtəlif sahələrdə əməkdaşlıq genişlənib, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələr sıxlaşıb.
Hər iki dövlət Sovet İttifaqı dağıldıqdan sonra öz ərazilərinin bir hissəsini müstəqilliklərinin ilk vaxtlarında itirib. Azərbaycanın işğal olunmuş ərazilərində qondarma Dağlıq Qarabağ respublikası yaradıldığı kimi Moldovanın Dnestryanı bölgələrində də qondarma dövlət elan edilib. Bu baxımdan iki postosvet dövlət olaraq problemlərimizin də bənzər olduğunu vurğulaya bilərik.
İnanıram ki, 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü böyük ölçüdə təmin olunduğu kimi, Moldovanın da dövlət suverenlyinin bərqərar olacağı gün uzaqda deyil.
Əminəm ki, Azərbaycan və Moldovanın ərazi bütövlüyü yaxın zamanda tam bərpa olunacaq, iki dövlət və xalqın əməkdaşlığı daha da inkişaf etdiriləcək.
Sizi bir daha təbrik edir, ən xoş arzularımı çatdırıram".