3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkəndən sonra ruhi xəstə, hətta dəli olduğu iddia edilərək, 1 saylı Psixiatriya xəstəxanasına salınan16 yaşlı Məhəmməd Hacıyevin salındığı duruma etirazımızı bildirmiş, məsələnin araşdırılmasını tələb etmişdik.
AY Partiya Başqanının Humanitar, Ailə və uşaq məsələləri üzrə müavini Sevinc Fədai Məhəmməd Hacıyevə xəstəxanada baş çəkib, onunla söhbət aparıb. Sevinc Fədainin sözlərinə görə, Məhəmmədin davranış və nitqi onun hər hansı bir psixi xəstəliyi olmadığını göstərirdi: "Bunu xəstəxanın psixiatrı da təsdiq etdi.
Məhəmmədin, sadəcə, aldığı travmalar və yaşadığı həyat ona ciddi təsir göstərib. O, psixoloq dəstəyi, sağlam mühit və diqqət sayəsində yaxşılaşa və cəmiyyətə qazandırıla bilər. Məhəmmədi narahat edən əsas məsələ uşaq evindəki soyğunçuluq, onlara göstərilən aşağılayıcı münasibətdir. O, bizimlə söhbətdə bildirdi ki, uşaq evində vəziyyət düzələrsə, orada yaşayan uşaqların kefi yaxşı, qarnı tox olarsa, o, ruhi dispanserdə belə qalmağa razıdır. Bu da onu bir daha təsdiq edir ki, bu, tək yaşadığı haqsızlığa görə Məhəmmədin üsyanı yox, Məhəmməd kimi yüzlərlə uşaq və yeniyetmənin problemidir. Ona görə dövlət, cəmiyyət və vətəndaş olaraq belə həssas bir məsələnin həllində ciddi rol almalı, müqavimət göstərməliyik.
Məhəmmədə əlaqə nömrələrimizi təqdim edərək, hər zaman onun yanında olduğunu bildirdik. Ümid edirik ki, onun və digər valideyn himayəsindən məhrum uşaqların hüquqlarını pozan şəxslər cəzalandırılacaq və bu hal bir daha təkrarlanmayacaq".