Əziz xanımlar!
Bu gün leksikonumuzun ən dəyərli, ən bəzəkli, ən təmtəraqlı, ən ali sözləri Sizə ünvanlanıb. Çünki həyatın bütün çətinlikləri hər zaman məhz Sizin dözümünüz, dəyanətiniz və sədaqətinizlə dəf edilib. Sizin dualarınız, alqışlarınız bütün bəylərə dayaq olub, güc-qüvvət verib. Siz lazım gəldiyində bəylərlə bərabər ən çətin işlərin belə, öhdəsindən layiqincə gəlməyi bacarmısınız, həm sərkərdə olmusunuz, həm diplomat, həm hakim, həm həkim, həm də döyüşçü.
Bugünki güclü Azərbaycan xanımı hələ eramızdan əvvəl Kirin qoşunlarını məhv edərək öz dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamış sərkərdə Tomris Xatunun, ərəb xilafətinə qarşı müharibədə Babəklə bərabər döyüşən Zərnisə xanımın, Sara xatun, Möminə xatun kimi uzaqgörən diplomatların, İnanc xanım, Mehrcan xanım kimi böyük siyasi və dövlət xadimlərinin, dövrün rejiminə qarşı üsyan edən şairə Məhsəti Gəncəvinin davamçısıdır. Qəzvində babilərin başında duran Zərrintac xanımın, 1898-ci ildə Cənubi Azərbaycanın Təbriz şəhərində üsyana rəhbərlik etmiş Zeynəb xanımın, Azərbaycan qaçaq hərəkatının lideri Gülsüm xanımın, ermənilərə qarşı savaşan Tavat xanımın, mübarizə simvolu Şükriyyə xanımın, Azərbaycanın Milli Azadlıq hərəkatı və İkinci Cümhuriyətin qurulması zamanı üç rəngli Azərbaycan bayrağını evində tikərək meydana gətirən Gültəkin ananın nəslindəndir. Həm Birinci Qarabağ müharibəsində, həm də Vətən Müharibəsində iştirak edərək adını qızıl hərflərə tarixə yazdırmış onlarla Azərbaycan xanımından biridir, qalib Azərbaycan əsgərinin anası, bacısı, həyat yoldaşıdır.
Şərqdə ilk demokratik dövlət quran Azərbaycan, elə bu xarakterlərinə görə də, dünyada bir ilkə imza ataraq, qadına səsvermə hüququnu tanıyıb, təhsil hüququ verib. Qadın cəmiyyətin ən ali insanı olaraq dəyərləndirilib. AY Partiya da qurucu babalarımızın bizlərə miras qoyduğu şərəfli vəzifəni daşımağı özünün missiyası hesab edir, bu yolda əlindən gələni etməyə hazırdır.
Dəyərli xanımlar!
Qadınlar gününüz mübarək olsun! Azərbaycan Yüksəliş Partiyası olaraq, bütün xanımları təbrik edirik. Hər birinizə can sağlığı, şəxsi və iş həyatınızda ancaq uğurlara imza atmağı, səsinizin ən mötəbər tribunlardan eşidilməsini, sorağınızın dünyanın ən nüfuzlu elm, siyasət, ədəbiyyat, incəsənət məkanlarından gəlməsini, ən ali mükafatları qazanmağınızı arzu edirik!
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Anar Əsədli