Partiyamızın irəli sürdüyü Cənubi Qafqaz Evi ideyasının əhəmiyyəti dövlət səviyyəsində dilə gətirilib
İndi bir məsələ haqqında yazacam, bir çoxları töküləcək ki, bəs özünüzü tərifləyirsiz. Vallah-billah tərifləmirik, görünən dağa zatən bələdçi gərəkməz. Biz də uzun illərdən bəri boş dayanmırıq, oxuyuruq, öyrənirik, siyasi analitik bacarıq və vərdişlərimizi artırırıq, siyasi dünyagörüşümüzün üfüqlərini geniş tuturuq, zaman-zaman müxtəlif platformalarda iş təcrübəmiz, praktikamız sayəsində müəyyən strateji qənaətlərimiz müəyyənləşib. Bu gün dövlət vəzifəsində olmamağımız bizim bu mənada kimlərdənsə geri, əksik qaldığımız anlamına gəlməz. Ona görə də zamanla elə məsələlər var ki, onu xatırlatmaqda fayda var.
Azərbaycan Yüksəliş Partiyası başqanı Anar Əsədli , elə partiya başqanının siyasi məsələlər üzrə müavini kimi bəndənizin özü, xüsusilə 2020-ci ildə böyük Zəfərlə bitən 44 günlük Vətən Savaşından sonra istər bütün yazılı materiallarımızda, istərsə də TV proqramlarda çıxışlarımızda olsun, nə deyirdik?! Deyirdik, yazırdıq ki, Cənubi Qafqazda davamlı sülhün və sabitliyin, bütün sahələr üzrə gerçək inkişafın tək yolu var, o da Rusiyasız QAFQAZ EVİ'nin yaradılmasından keçir. Son 200 ildir bölgə xalqlarının taleyini qanla, haqsız müharibələrlə, münaqişələrlə yazan, Coğrafiyamızın geosiyasi landşaftını separatizmlə çirkinləşdirən, xalqlararası düşmənçiliyi özünün əsas strateji hədəfinə çevirən və bununla dövlətlər üzərində nəzarət mexanizmləri yaradan Kremlin nəhayət imperialist və şovinist siyasətinə son qoyulmalı, Cənubi Qafqaz xalqları özləri öz talelərinin sahibinə çevrilməlidirlər. Yazırdıq ki, yalnız Cənubi Qafqazın bu üç ölkəsi Vahid Regional Əməkdaşlıq Platforması çərçivəsində dərin işbirliyinin əsasını qoymaqla, hər mənada əllərində olan real gücü, potensialı, resursları birləşdirməklə sahibi olduqları Coğrafiyanın inkişaf, tərəqqi konturlarını özləri müəyyənləşdirməlidirlər. Mütərəqqi qlobal dünya ilə siyasi, iqtisadi, mədəni əməkdaşlıq da, tək-tək yox, vahid strateji plan, yol xəritəsi əsasında qurulmalı, şərqlə qərbi birləşdirən, cənubla şimal arasında körpü olan bölgənin inkişafına təkan verəcək investisiyalar üzrə cəlbedicilik və səmərəlilik problemini həll etməlidir. Son on beş il içində iqtisadiyyatın, sənayenin bütün seqmentləri üzrə yaxaladığı böyük tərəqqi sayəsində, xüsusilə də müasir hərbi sənaye planında qazandığı uğurlar nəticəsində hesablaşılacaq regional gücə çevrilən NATO ölkəsi qardaş Türkiyə dövlətinin 200 ildən sonra Cənubi Qafqaza daxil olması, bölgədə barışcıl və təhlükəsizlik qarantı kimi dominant mövqe sərgiləməsi bu planda da öz əhəmiyyətini ortaya qoyacaq.
Cənubi Qafqaz xalqları Böyük Güc Mərkəzlərinin bu bölgə ilə bağlı qarşılıqlı maraq mübarizəsi fonunda uzun illərdir arzulamadıqları münaqişələrə sürüklənmələrindən, aralarına salınan nifaqdan, düşmənçilikdən, regionu çalxalayan, onu təbii inkişaf yolundan saxlayan, dostca, mehribanca birgəyaşayışına əngəl olan, regionun siyasi, iqtisadi, mədəni, humanitar planda birgə fəaliyyətini tormozlayan müharibələrdən, onun yaratdığı məhrumiyyətlərdən, itkilərdən, faciələrdən beziblər, yorulublar. Bu problemi kökündən birdəfəlik həll edəcəyinə inandığımız Qafqaz Evi ideyası bu mənada AY Partiyanın davamlı haqqında danışdığı, regionumuzda görmək istədiyi strateji bir hədəfdir.
Dünən isə Praqada 44 ölkənin dövlət rəhbərlərinin iştirak etdiyi, şərti hədəfi "imperialist Rusiyasız Avropa" olan Avropa Siyasi Birliyi Zirvəsində Azərbaycan prezidenti Əliyevin məhz bu mövzuya toxunması, təvazökarlıqdan uzaq olsaq da vurğulayaq ki, Partiya olaraq məsələləri nə qədər uzaqgörən dəqiqliklə hesabladığımızı, dövlət ağlı planında strateji zəka potensialımızı ortaya qoyur. Prezident çıxışlarında bildirib ki, Azərbaycan-Gürcüstan-Ermənistan vahid müzakirə platformasının yaradılması çox vacibdir. “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı region ölkələrinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından imkanlarını birləşdirməyin və birgə fəaliyyət göstərməyin zəruriliyinə diqqət çəkən Əliyev deyib ki, burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilə bilər. Göründüyü kimi, regionun açar ölkəsi olan Azərbaycan dövləti də, hər zaman olduğu kimi, bu gün də davamlı sülhün, sabitliyin, birgəyaşayışın alternativinin olmadığını əsas gətirərək, regionun iqtisadi planda tərəqqisinin yolunu hər üç respublikanın səylərini şərti olaraq "Cənubi Qafqaz Evi" adlandırdığımız platformada birləşdirməkdə görür. Biz onu da yaxşı bilirik ki, gerçək demokratiya, hüququn aliliyi, çağdaş şəffaf və hesabatlı dövlət idarəetmə mexanizmləri də Cənubi Qafqaz ölkələrinə yalnız birlikdə əməkdaşlıq içində olduqları zaman gələcək, nəninki ayrı-ayrı Qafqaz ölkələrində bu prinsiplərin, bəşəri dəyərlərin, idarəetmə mexanizmlərinin imitasiya xarakterli eksperimentləri sayəsində..
Hələ bu ilin mart ayının 4-də Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində Anar Əsədli eynən belə də demişdi: “Azərbaycanın bir an öncə bu problemlərdən çıxmasının yolu Qafqaz Evi ideyasının yenidən gündəmə gətiriməsidir”.
AY Partiya başqanının fikrincə, bu, Rusiyasız Qafqaz Evi formatında olmalıdır: “Cənubi Qafqaz Evi – Gürcüstan, Ermənistan, Azərbaycan təmsil olunmalıdır. Düşünürəm ki, Ermənistanla Azərbaycanın arasında bir an öncə vasitəçisiz masaya oturmalı, sülh müqaviləsi bağlamalı, Gürcüstan bu proseslərə mütləq cəlb olunmalıdır. Çünki Gürcüstanda bizim yarım milyona yaxın insanımız yaşayır. Orda xalqların birgə yaşayış məsələsində Gürcüstan modelindən örnək götürüb, Cənubi Qafqaz ölkələri arasında Qafqaz Evi yarada bilərik. Bir-birlərinin ərazisinə iddia məsələsi ortadan qalxar, müharibə məsələsi ortadan qalxar. Düşünürəm ki, Türkiyənin son illərdə super gücə çevrilməsi, Qafqaza gəlməsi, Qafqazın ölkələrinin hərbi və siyasi təminat altına alması əslində bizi gələcəkdə Rusiyadan gələcək təhlükələrdən yan götürə bilər”.