Uzun zamandır ki, Aazərbaycan Yüksəliş Partiyası gənclər üçün “Başla” otağının hazırlıqlarını aparırdı. Gənclərin asudə vaxtını səmərəli keçirməsi, müzakirələr aparması, kitab oxuması üçün hər cür şərait yaradılmış “Başla” otağının açılışına cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə dəvət edilmişdi. Təəssüf ki, Rais Rəsulzadə səhhətində yaranmış problemə görə görüşdə iştirak edə bilmədi, ancaq görüşə online qoşularaq, gənclərə cümhuriyyətimizin istiqlalçı gənclərə ehtiyacı olduğunu vurğuladı, səhhəti düzəldikdən sonra gənclərlə görüşəcəyini bildirdi.
AY Partiya Başqanının Türk dunyası və ideoloji məsələlər üzrə müavini
Aynur Qəzənfərqızı gəncləri “Başla” otağı ilə tanış etdi. “Başla” otağının siyasi mahiyyətdən çox ideoloji mahiyyət daşıdığını, burada gəncliyin dövlətçiliyimiz üçün sağlam təfəkkürdə yetişməsi üçün hər cür şəraitin yaradıldığını bildirdi. Aynur xanım otağın kitabxanası haqqında da gənclərə bilgi verdi.
Daha sonra AY Partiya Başqanı Anar Əsədli gənclərlə görüşdü. Hər biri haqqında bilgi aldı, gənclərlə dövlət və cəmiyyət haqqında fikir mubadiləsi apardı.
Sonda gənclərə Anar Əsədlinin “Vicdanın labüd etdiyi savaş” kitabı hədiyyə edildi və xatirə şəkilləri çəkildi.