Bu gün AY Partiyanın qərargahında “Məmləkət söhbətləri” layihəsi çərçivəsində ölkənin ziyalıları ilə səhər yeməyi təşkil edildi.
Tanınmış simalar - alim Nazir Əhmədli, tarixçi alim Əkbər Nəcəf, jurnalist-yazar İlqar Rəsul, “Green Academy”nin rəhbəri Aysel Rəsulzadə, əməkdaşı Aygün Cəfərli, kinorejissor Fehruz Şamıyev, rəssam Pəri Miniatür, yazar Nigar Səttərzadə, alim Kəmalə Ələkbərova və bir qrup gəncin iştirak etdiyi tədbirdə AY Partiya Başqanı Anar Əsədli görüşün məqsədinin müxtəlif sahələri təmsil edən aydınlarla bir araya gəlmək, ölkə və dünyanın gündəmində olan mövzulardan danışmaq olduğunu bildirdi. O, belə ənənələrin təməlinin qoyulmasının və davam etdirilməsinin ölkəmiz üçün əhəmiyyətli olacağını qeyd etdi. Başqan cəmiyyətin müxtəlif təbəqələrindən aydınlarımızla söhbət etməyin, fikir mübadiləsi aparmağın, istək və təkliflərini bildirməsinə şərait yaratmağın, onları dinləməyin çox vacib olduğunu vurğuladı. Bu yolla cəmiyyətdəki problemləri öyrənmək, xalqı daha yaxşı tanımaq, qüsurlara az da olsa, işıq tutmaq, həlli yollarını birlikdə tapmaq mümkündür.
Tədbir iştirakçıları müxtəlif məsələlərlə bağlı fikirlərini bildirdilər, bəzi mövzularda təkliflərlə çıxış etdilər. Onlar belə ənənələrin olmasının vacibliyini bildirdilər.
Qonaqlar daha sonra partiyanın gənclər üçün təsis etdiyi "Başla" otağı ilə tanış oldular, kitablarını hədiyyə etdilər.