Son günlər Urmu gölü ilə bağlı yaranmış faciəli durumun acı nəticələri haqqında güneyli soydaşlarımızın sosial şəbəkələrdə və mətbuatda həyacanla yaydığı məlumatları ağrı-acı ilə izləyirik.
Məlumatlarda Urmu gölünün artıq “koma” vəziyyətində olduğu və bu səbəbdən bölgə əhalisi olan azərbaycanlıların həyatı təhlükə ilə üzləşdiyi, təcili tədbirlər görülüb qarşısı alınmadığı təqdirdə 15 milyondan çox güneyli soydaşımızın köc etmək məcburiyyəti qarşısında qalacağı bildirilir.
Hələ illər öncə böhranla bağlı ilk işartılar ortaya çıxanda İran höküməti problemin həlli ilə əlaqədar müəyyən qərarlar qəbul etmiş, öhdəliklər götürmüşdür. Ancaq, təəssüflər olsun ki, bu qərarlar kağız üzərində qalmış, məsələnin köklü çözülməsi üçün demək olar ki, heç bir əməli addım atılmamışdır.
Qeyd edək ki, yalnız yerli azərbaycanlılardan ibarət olan bölgə əhalisinin əsas məşğuliyyəti göllə bağlıdır. Gölün quruması nəticəsində bölgədə ekoloji tarazlıq pozulacaq, bu isə insanların burda yaşamasını, əkinçilik və maldarlıqla məşğul olmasını mümkünsüz edəcəkdir. Nəticədə yerli əhali çıxış yolunu İranın digər bölgələrinə köçməkdə görəcək, bu da yerli azərbaycanlıların kompakt yaşamağının qarşısını alacaq və assimilyasiya prosesini sürətləndirəcəkdir.
Bu, bir daha göstərir ki, İran hakimiyyətinin Urmu gölünün quruması prosesinə belə laqeyd yanaşmasının məqsədi gölün ətrafında yerləşən Qərbi Azərbaycan əyalətindəki əhalinin ərazidən köçürülməsi prosesini sürətləndirmək, tarixi dövlətçilyimizin qədim istinadı olan Urmiya şəhərini məhv etməkdir.
Bölgədə yaşana biləcək böyük faciəyə təbil çalan güneyli soydaşlarımız etiraz əlaməti olaraq vaxtaşırı aksiyalar keçirsə də, rejimin təzyiq və təqiblərinə məruz qalır, polis və hərbi qüvvələr tərəfindən həbs edilirlər. İndiyə qədər onlarla aktivist və jurnalist bu səbəbdən İran rejimi tərəfindən həbs edilib. Bütün bunlar bir daha sübut edir ki, Urmu gölünün qurudulması sadəcə ekoloji böhran deyil, illərdir soydaşlarımıza qarşı aparılan asilmilyasiya siyasətinin tərkib hissəsidir.
Azərbaycan Yüksəliş Partiyası Urmu gölünün qurudulması ilə bağlı İran hakimiyyətinin bəşəri və milli haqlara yönəlmiş mənfur siyasətini kəskin şəkildə pisləyir, tezliklə problemin həll edilməsi istiqamətində əməli işlər görməyi tələb edir.
AY Partiya olaraq ökədə və dünyanın müxtəlif yerində fəaliyyət göstərən ictimai və siyasi təşkilatlarımızı, bütünlükdə cəmiyyəti və dövləti yaranmış siyasi-ekoloji böhranın acı nəticələrinə diqqət etməyə və məsələnin həlli üçün mümkün riçaqlardan istifadə etməyə çağırırıq.