Bu gün Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyətinin 2022-ci ilin ilk 6 ayı ərzində görülmüş işlərin dəyərləndirilməsi ilə bağlı genişləndirilmiş toplantısı keçirildi.
İlk 6 ay ərzində ölkənin ictimai-siyasi həyatında mühüm olan müxtəlif məsələlərlə bağlı keçirilmiş tədbirlər, dəyirmi masalar, cəmiyyətlə fərqli formatlarda görüşlər, xüsusilə 28 May Cümhuriyyət Gününə həsr olunmuş mötəbər və möhtəşəm bayram-konfrans, Başqan Anar Əsədlinin çox məhsuldar keçən Türkiyə səfəri, Azərbaycan-Türkiyə münasibətlərindəki strateji müttəfiqliyi təsdiq edən Şuşa Bəyannaməsinin ildönümü ilə əlaqədar gerçəkləşdirdiyi Şuşa səfərinin nəticələri bir daha təhlil edilərək müzakirə olundu, AY Partiyanın ilk
6 aylıq fəaliyyəti yüksək qiymətləndirilməklə qənaətbəxş hesab edildi.
Müzakirələrin davamında növbəti 6 ayın fəaliyyət planı müəyyənlədirildi. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında baş verənlər və siyasi kuluarlarda ciddi dəyişiklərin gözlənildiyi barədə dolaşan xəbərlərin üzərindən qısa keçməklə, qərara alındı ki, ilin sonuna qədər həm Başqanlıq Həyəti, həm də partiyanın digər təşkilati strukturları bütün mümkün resurslarını, fəaliyyətlərini Respublika boyu partiyanın rayon təşkilatlarının formalaşdırılmasına səfərbər etsin. Bu istiqamətdə görüləcək işlərlə bağlı partiya funksionerlərinin təklif və tövsiyələri dinlənildikdən sonra, fəaliyyət istiqamətləri dəqiqləşdirilməklə görüləcək işlərə dair proqramın tutulması barədə qərar qəbul olundu.
Ölkəni növbəti illərdə idarə edəcək siyasi təşkilat olmağı bir nömrəli hədəf seçmiş AY Partiya əmin edir ki, hər bir Azərbaycan Vətəndaşının partiyası olmaqla yanaşı, ölkəmizi bütöv, daha inkişaf etmiş, daha hüquqi, daha güclü, daha ədalətli, daha azad və demokratik, hər bir azərbaycanlının öz həyatında hiss edəcəyi daha firavan bir Respublikaya çevirəcək! Buna kimsənin zərrə şübhəsi olmasın.