2020-ci ilin əvvəlində Avropa Parlamentində “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamənin səsverməsi baş tutmuşdu. Səsvermədə iştirak edən 704 deputatdan 454-ü qətnamənin lehinə səs vermişdi. Yeni redaksiyada qəbul edilən Qətnaməyə 2019-cu ilin dekabr ayında tərəfdaş dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı maddə əlavə edilmişdi.
Bununla da, Avropa İttifaqı bütün Şərq tərəfdaşlığı ölkələrinin beynəlxalq norma və prinsiplər əsasında beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliklərinin dəstəklənməsi üzrə öhdəliklərini təsdiq etmişdi. Bu maddə “münaqişədən ziyan çəkən ölkələrin vətəndaşlarına – qaçqın və məcburi köçkünlərə dəstəyin” gücləndirilməsini önə çəkir.
Qətnamənin qəbul olunması Cənubi Qafqaz üçün onu ifadə edirdi ki, Ermənistan bundan sonra Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalçısı qismində anti-Azərbaycan və işğalyönümlü sənəd və müzakirələri təşviq edə bilməyəcək.
Sözügedən qətnaməni bu gün yenidən xatırlamağı bizə məcbur edən 18 yanvar 2023-cü il tarixdə Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycanla bağlı həqiqətləri əks etdirməyən məlumatların yer almasıdır. Avropa Parlamentində guya Azərbaycanın Qarabağda erməni mədəni irsini dağıtdığına dair, hətta digər ərazilərində də eyni addımların atıldığına dair yalan məlumatları özündə əks etdirən daha bir sənədin ötən ilin mart ayında qəbul edildiyini nəzərə alsaq, bu, ilk belə hal deyil.
AY Partiya bildirir ki, son vaxtlar keçirilən ikitərəfli və çoxtərəfli görüşlərin nəticəsi olaraq, Respublikamızla müxtəlif vacib sahələr üzrə əməkdaşlığa dair səmimi niyyətin olduğu bir vaxtda, Avropa qurumlarının, həqiqət yükü olmadığı qədər, hüquqi yükünun də kifayət qədər şübhə çəkdiyi bu cür qərəzli və ittihamedici sənədlər qəbul etməsi təəssüf doğurur.
Hiss olunur ki, rəsmi Bakı ilə münasibətlərində soyuqluq yaranan bəzi Avropa ölkələri bu cür qərəzli sənədlərin hazırlanmasını təşkil etməklə, Azərbaycanla Avropa İttifaqı arasında dərinləşməkdə və inkişaf etməkdə olan münasibətlərə kölgə salmağı hədəfləyib.
AY Partiya təəssüflə bildirir ki, hər şeydən öncə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dair qırmızı xətləri keçən, bu prinsiplərə hörmətlə yanaşılmadığı açıq ifadə olunan bu kimi sənədlərin hazırlanmasında erməni diasporunun izi var və buna şərait yaradan heç bir mötəbər qurum müstəqil dövlət olan Azərbaycan Respublikası ilə bu dildə danışa bilməz.
Çünki 30 ilə yaxın müddətdə Azərbaycan işğala məruz qalmış, yaşayış məntəqələri təmamilə viran qoyulmuş, mədəni və dini irsi təhqir olunmuş, dağıdılmış, milyonlarla insanı etnik təmizləməyə məruz qalmış ölkə kimi, Avropa Parlamentinin Ermənistana yönəlik bir qətnaməsinin belə şahidi olmayıb.
Yeni qətnamədə avroparlamentarilər Azərbaycanı Xankəndi-Laçın yolunu bağlamaqda və bunun nəticəsində ermənilərə guya humanitar böhran yaratmaqda ittiham edir. 2014-cü ildə Rusiya Krımı ilhaq edəndə Ukrayna rəsmi dövlət səviyyəsində öz torpaqları olan Krımı ən zəruri ehtiyaclardan, hətta içməli sudan belə məhrum etmişdi. Hələ o zaman mütərəqqi cəmiyyətlər, eləcə də biz bunu Ukrayna dövlətinin öz haqqını tələb etmə forması hesab etmişdik.
Xatırladırıq ki, həmin vaxt bütün beynəlxalq təşkilatlar, ən əsas da Avropa Parlamenti bu faktlara qarşı susma mövqeyi nümayiş etdirdi. O vaxt heç bir avroparlamentarinin yadına Ukraynaya qarşı belə bir sənəd qəbul etmək düşməmişdi.
Avropa İttifaqına üzv ölkələr tərəfindən müəyyənləşdirilən səlahiyyətlər çərçivəsində müxtəlif səpkili qətnamələr qəbul edən Avropa Parlamentinin, ümumiyyətlə, ittifaqa daxil olmayan ölkələr barədə hər hansı sənəd qəbul etməsi səlahiyyətləri daxilində deyil. Bu mənada, məlum qətnamənin qəbulunu suveren bir dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndiririk.
Dünyada beynəlxalq hüququn misli görünməmiş formada pozulduğu, geosiyasi və geoiqtisadi qarmaqarışıqlığın hökm sürdüyü indiki kritik zaman kəsiyində Qərbin belə kobud və qərəzli ikili standartları ilə qarşılaşmaq Azərbaycan dövlətini və cəmiyyətini hiddətləndirməyə bilməz.
Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim öz əksini tapdığı danılmaz fakt ola-ola, birdən-birə ölkəmizlə bağlı Avropanın mühüm bir qurumu tərəfindən kifayət qədər böhran xarakterli məlumatların əks olunduğu belə bir sənədin qəbul edilməsini kəskin şəkildə pisləyir və şiddətlə qınayırıq.
Ölkəmizin Avropa İttifaqı və digər beynəlxalq qurumlarla bərabərhüquqlu münasibətlər çərçivəsində əməkdaşlığı dərinləşdirməsində və inkişaf etdirməsində maraqlı olan Azərbaycan Yüksəliş Partiyası bütün tərəflərdən Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqlarına hörmət etməyi tələb edir.