İsveçdə müsəlman dünyasının dini kitabı olan müqəddəs Qurani-Kərimin Türkiyənin bu ölkədəki səfirliyi önündə yandırılması bir daha dini dözümsüzlüyün, müqəddəs kitablara qarşı nifrətin, sayğısızlığın növbəti çirkin əlamətidir.
Azərbaycan Yüksəliş Partiyası Qurani-Kərimə qarşı törədilmiş bu alçaq təxribatı qətiyyətlə pisləyir və şiddətlə qınayır. Partiya bu mənəvi vandalizmi müsəlmanların dini inancına və heysiyyətinə qarşı bir qəsd hesab edir.
AY Partiya dünyada insan hüquq və azadlıqlarına məsul olan beynəlxalq təşkilatları, o cümlədən beynəlxalq ictimaiyyəti xalqlar arasında sülhə, barışa, birgəyaşayışa ciddi zərbə vuran bu kimi çirkin hadisələrə, eləcə də son vaxtlar Avropada geniş yayılmış dini dözümsüzlüyə, islamofobiyaya kəskin etiraz bildirməyə çağırır.
Partiya demokratiyası, insan hüquq və azadlıqları ilə öyünən İsveç hökumətini də islam əleyhinə yönəlmiş bu hadisənin günahkarlarının tezliklə tapılıb ən sərt formada cəzalandırılmasına çağırır.
Niyə başqa İslam ölkələrinin səfirlikləri qarşısında deyil, məhz Türkiyə səfirliklərinin qarşısında yandırılır Qurani-Kərim? Çünki Qurani-Kərimin və İslamın ən boyük təəssübkeşi Türkiyədir, Türklərdir.
AY Partiya olaraq Türkiyənin yanındayıq, dəstəkçisiyik. Ümid edirik ki, suçlular cəzalarını ən qısa zamanda alacaqlar.