Məlum olduğu kimi, uzun illərdir, məhkəmə-hüquq sahəsindən yazan təcrübəli jurnalist Aytən Məmmədova bu il may ayının 8-də hücuma məruz qalıb. Naməlum şəxs yaşadığı binanın liftində ona soyuq silahla hücum edərək, məhkəmə prosesini işıqlandırmamaqla bağlı özünü və ailəsini təhdid edib, jurnalistə xəsarət yetirib.
Faktla bağlı araşdırmalar aparılır, bu iş üzrə AR Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb.
Azərbaycan Yüksəliş Partiyası Aytən Məmmədovaya qarşı törədilən zorakılıq aktını qətiyyətlə pisləyir, onun timsalında peşə fəaliyyəti ilə bağlı bütün media təmsilçilərinə təhdid və məhrumiyyətlərə son qoyulmasını tələb edir.
AY Partiya ümid edir ki, hüquq-mühafizə orqanları üzərinə düşən işin öhdəsindən gələrək, bu cinayəti törədənlərin və onun sifarişçilərinin ən yaxın zamanda tapılıb, cəzalandırılması üçün lazım olan addımları atacaq, mətbuat nümayəndələrinin müstəqil və obyektiv şəkildə vəzifələrini icra etməsinə şərait yaradılacaq. Əks halda, bu, ölkəmizin adına bir ləkə olaraq yazılacaq, beynəlxalq təşkilatların insan hüquq və azadlığı ilə bağlı hesabatlarında əksini tapacaq.
AY Partiya bəyan edir ki, bu olay Azərbaycanda arzu edilən və gözlənilən demokratik açılımlara ciddi kölgə salır.