Azərbaycan Yüksəliş Partiyasının yerli təşkilatlarının qurulması prosesi davam edir.
Bu gün AY Partiyanın Sumqayıt Şəhər Təşkilatı təsis olunub. Təsis yığıncağından öncə AY Partiya Başqanı Anar Əsədli Sumqayıtda Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib.
Təsis yığıncağını açan AY Partiya Başqanının müavini Vasif İsmayıl partiyanın fəaliyyəti, gələcək planları barədə qısa məlumat verib.
AY Partiya Sumqayıt Şəhər Təşkilatının sədri Mehman İsmayılov çıxış edərək, göstərilən etimad üçün təşəkkürünü bildirib, partiyanın böyüməsi, güclənməsi istiqamətində səylərini əsirgəməyəcəklərini vurğulayıb.
Tədbirdə çıxış edən Başqan Anar Əsədli Sumqayıtın ölkənin ictimai-siyasi, iqtisadi həyatında mühim rol oynadığına diqqət çəkib. Anar Əsədli bildirib ki, Azərbaycan torpaqlarının işğalı nəticəsində dədə-baba yurdlarından didərgin düşən yüz minlərlə insan Sumqayıta pənah gətirib, sumqayıtlılar məcburi köçkünlərlə bağlı böyük fədakarlıqlar göstərib.
Partiya Başqanı siyasətin həyatımızdakı önəminə toxunaraq, qeyd edib ki, siyasətə qarışmamaq həyatımıza biganə olmağımız deməkdir. Bu durumda həyatımızla bağlı qərarları başqalarının verməsinə, üzərimizdə istədikləri oyunların oynanmasına şərait yaradırıq: “Şərt deyil ki, hamı mütləq hansısa partiyanın üzvü olsun. Əsas odur ki, insanlar vətəndaş mövqeyi sərgiləsin”.
Daha sonra tədbir iştirakçıları ilə partiya rəhbərliyi arasında disskusiya aparılıb. Şəhid anası Esmira Pərvanəyeva şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyinə toxunub. Elmin Nəzərli, Elmira Zeynalova, Aybəniz Səfərova, Hüseyn Hümmətli və digərləri söz alaraq, müxtəlif problemlərdən danışıblar.
Sonda Anar Əsədlinin müəllifi olduğu “Vicdanın labüd etdiyi savaş” kitabı partiyanın yerli təşkilatının üzvlərinə təqdim olunub.