Azərbaycan xalqının haqq işi və dövlətin tarix qarşısında borcu olan Vətən müharibəsi təkcə işğal altında inləyən torpaqların azad olunması ilə yox, həm də milli qürurumuzun yüksəlişi ilə səciyyələnir.
Şanlı mücadilənin ruporu olan Vətən övladlarının, igid əsgərlərimizin qanları və canları bahasına bu tarixi qələbə qazanıldı. Qarabağda qəhrəmanlıq dastanı yazan, əsl şücaətlər göstərən ölməz Şəhidlərimizin ruhları qarşısında baş əyirik.
8 noyabr Zəfər bayramı Azərbaycanın öz dövlət sərhədlərini bərpa etmək, regionda dominant ölkə statusuna nail olmaq və geostrateji dividentlər qazanmaq baxımından çox önəmlidir. Bölgədə kommunikasiya xətlərinin açılması, Turan qapısı adlandırılan Zəngəzur dəhlizinin bərpası da 8 noyabr Zəfər bayramının əhəmiyyətinin göstəricilərindən olacaq.
Regionda yeni reallıqların yaranması İran dövlətini çox narahat etsə də, bu zəfər cənublu soydaşlarımızın da sevincinə səbəb oldu. Onların gözlərində sanki bir ümid çırağı şölələndi. Yəni, 8 noyabr Zəfər bayramı o taylı, bu taylı və dünyadakı bütün Azərbaycanlılarının vəhdətinin nümayişidir.
Azərbaycanın regionda söz sahibi olan ölkəyə, sülhə gedən yolda diktə edən dövlətə və iqtisadi əməkdaşlıq potensialı yaranan 6-lıq ölkələr arasında aparıcı faktora çevrilməsi baxımından da 8 noyabr Zəfər bayramının tarixi əhəmiyyəti var. Düşünürük ki, 8 noyabrda imzalanacaq amnistiya fərmanı ilə məhbusların ailələri ilə qovuşmaq sevincini yaşamaları da bu bayrama ayrı bir rəng qatacaq.
Azərbaycan Yüksəliş Partiyası xalqımızı, Ordumuzu və dövlətimizi 8 noyabr Zəfər bayramı münasibətilə təbrik edir, Turan birliyi və Bütöv Azərbaycan yolunda yeni uğurlar arzulayır.
Tarixi torpaqlarımızın da bərpası diləyi ilə
Zəfərlərin bol olsun, Azərbaycan!