Ölkəni idarə edən hökumət isə bunun qarşısını almaqda acizdir
“İnsanlarımızı bu saat ən çox qayğılandıran məsələ gündəlik dolanışığın hər gün daha da çətinləşməsidir. Kimi dindirirsən, qan ağlayır. Qabaqlar ən aşağı gəlirli insanlar şikayət edirdilərsə, indi normal maaş alan adamlar da sosial-iqtisadi planda həyatlarından, güzəranlarından şikayətçidirlər. Azərbaycan iqtisadiyyatı elə bir dərin böhran yaşayır ki, dalğa-dalğa gələn bu şikayətlərin qarşısında aciz qalıb. Təbii, bu acizlik öz-özünə yaranmayıb. Hökumətin iqtisadi komandasının səriştəsizliyi, bacarıqsızlığı, yanlış qərarlar və baş verənlərə qeyri-adekvat yanaşma milli iqtisadiyyatı dalana aparmaqdadır. Əhalinin pul gəlirləri bahalaşma və inflyasiya fonunda sürətlə azalmaqdadır. Bu isə staqnasiya əlamətidir”.
Bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini Rəşad Bakuvi deyib.
Onun fikrincə, cəsarətlə deyə bilərik ki, orta təbəqə deyə bir təbəqə yoxdur artıq. Bahaçılıq və inflyasiya əhalinin pul gəlirlərini yeyib bitirməkdə davam edi: “O ev təsərrüfatı yoxdur ki, ən az bir nəfər büdcədən maaş, pensiya, müavinət, təqaüd almasın. Həmin ev təsərrüfatları ən dar məqamda gözünü büdcədən gələn qəpik-quruşa dikib. Sabah neftin və qazın qiymətləri 25-30 ABŞ dollarına düşəndə və ölkə əhalisinin böyük bir kəsiminin gözünü dikdiyi dövlət büdcəsi boş qalanda, vay bu xalqın halına. Neftdən və qazdan başqa yeni kapital, dəyər kimi ölkəyə pul qazandıracaq ixrac imkanlarımız isə hələlik kifayət qədər aşağıdır. İdxal mafiyası ölkəmizin İXRAC POTENSİALININ qarşısını alan ciddi bir maneəyə çevrilib desək, yalan olmaz. Olan-qalan ixrac məhsullarımız da çox məhdud sayda xarici bazara çıxarıla bilir ancaq, bu mənada da çox geri qalırıq. Dünya Ticarət Təşkilatı ilə, o cümlədən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı Müqaviləsini prezident Əliyev illədir, imzalamır deyə, ixracatçılarımızın məhsulları üçün yeni bazarlar əldə etməsi də müşkülə dönüb. Ölkə vətəndaşlarının isə şişirdilmiş yalançı statistik rəqəmlərlə nə cibi dolur, nə soyuducusu, nə də ki, kefi kökəlir. Əhalinin iş qabiliyyəti olan böyük bir kəsiminin məhz büdcədən ayrılan maaş, pensiya, müavinət, təqaüdə otuzdurulması vəziyyəti daha da kritik edir. Nə qədər ki, ölkədə VERGİ ÖDƏYİCİSİ SİNFİ yarana bilmir, milli iqtisadiyyatımız hər zaman ipdən asılı vəziyyətdə qalacaq. İndiki yüksək bazar qiymətləri hesabına qlobal neft və qaz satışından əldə olunan gəlirlər hesabına ölkə iqtisadiyyatına dair statistik rəqəmlərin yuxarı göstərilməsi isə bizi qətiyyən yanıltmasın”.
Başqan müavini qeyd edib ki, bunun real iqtisadiyyata elə də bir isti-soyuğu yoxdur, ya da heç hiss etdirmir. Real iqtisadiyyata təsir edəcək fundamental islahatlar və yatırımlar yox dərəcəsindədir.
“Bəlkə də xarici investisiya cəlbindən ötrü müəyyən çabalar göstərilir, ancaq nəticə sıfırın altındadır. Məhkəmə-hüquq sistemi, hüquq-mühafizə orqanları tamamilə siyasi hakimiyyəti idarə edənlərin əhvalından-kefindən asılı olduğu müddətcə, xarici kapital sahiblərini respublikamıza investisiya yatırmağa inandırmaq asan olmayacaq. Hətta deyək ki, inanıb gələnlər olacaq, onlar da nə boyda risk elədiklərinin fərqində deyillər sadəcə. Bir sözlə, iqtisadiyyatımız indi təkərinin biri oxdan çıxmış at arabasına bənzəyir. Hökumət bu planda səriştəsizdir, bacarıqsızdır, plansızdır. İlin əvvəlində çox ehtiyatla söylədikləri statistik rəqəmlərlə xalqı, cəmiyyəti aldatmaq lazım deyil, çünki hamı hər şeyi bilir və bu, çox gülməli görünür”, o əlavə edib.
Rəşad Bakuvi fikirlərini belə əsaslandırıb: “Təsəvvür edin, təkcə hökumətin özünün açıqladığı, əhalinin gəlirlərinin 55 faizini yalnız ərzaq və qidaya xərcləməsi göstəricisi AZƏRBAYCAN ƏHALİSİNİN 88 faizinin YOXSUL OLDUĞU anlamına gəlir. Yenə hökumətin özünün açıqladığı qida məhsulları üzrə 20%-dən çox inflyasiya həddi minimum əməkhaqqı ilə dolanan yüzminlərlə insanın aldığı 300 manatı rəndələməklə məşğuldur. Yaşamaq üçün digər zəruri ehtiyacları, xərcləri də nəzərə alsaq, adamlar ayı nə ilə başa vuracaqlarını bilmirlər. Bugünlərdə adambaşına düşən minimum ehtiyac meyarını 246 manat olaraq müəyyənləşdirdilər. Yəni, hər bir adama sadəcə ayı sağ-salamat başa vurması üçün guya 246 manat yetərlidir. Halbuki indiki bazar qiymətləri ilə bu rəqəm də çox mübahisəli və azdır. Bir sıra əhali qrupları var ki, aldıqları pensiya, müavinət bu rəqəmdən aşağıdır. Xatırlayırsınızsa, hələ ötən ilin əvvəlində yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılmışdı, ölkədə bu pulla yaşayan yüz minlərlərlə insan var, onların arasında övlad himayəsindən kənarda qalan xeyli sayda yaşlı insanlar da var. Hökumətin iddiasına görə, ehtiyac meyarı 246 manat olan ölkədə 180 manat müavinət alan əhali qrupları acından ölməli, başlıbaşına buraxılmalıdır?! Mən hələ bu insanların hər ay kəllə-çarxa qalxan kommunal xərclərini demirəm. Necə edirlər, hansı yollara əl atırlar bəlli deyil. Belə yaşayış, belə düzən, belə iqtisadi sistemmi olar?!”
Onun sğzlərinə görə, elə çıxır ki, bu adamlar, hətta hökumətin özünün çox mübahisəli hesab olunan rəqəm üzərindən müəyyənləşdirdiyi ehtiyac meyarını ay ərzində təmin edə bilməyəcək: “Yəni, yıxıl öl. Artıq xəbərlər yayılmağa başlayıb ki, Azərbaycanda ən zəruri qida məhsulu olan dana ətinin qiyməti sürətlə artmaqdadır, ən son 1 kg dana ətinin fərqli qəssabxanalarda 15-16, quzu ətinin isə 19-20 manat arası olduğu müşahidə edilib. Bundan başqa, yenə məişət istehlakında zəruri vasitələr olan şampun, diş pastası, sabun, dezodorant və antiperspirantlar da ən azı 50%-dək bahalaşıb. Bir müddət əvvəl 3 manat olan antiperspirantlar indi 5 manatdan yuxarı, qiyməti 5 manat olan şampunlar isə 8 manatdan baha satılır.
Bu qiymətlərlə, sizcə, 246 manat ehtiyac meyarı dəqiq ola bilərmi və ya nə qədər ədalətlidir?! Xalqı niyə aldadırsız? Üzüyola, haqqı uğrunda mübarizə aparmağa təpəri olmayan, bir az səbrli, bir az dözümlü xalq olanda nə olar, onda gərək başına çıxasınız, onda gərək hər addımbaşı cibinə girəsiniz, aldadasınız vətəndaşlarımızı? Axı bir gün bu üzüyola, dözümlü xalqın sifəti dönsə, ayaq altında qalmaqdan heç qorxmursunuz?
Uzun sözün qısası, belə bir günə salınmış iqtisadiyyatı olan respublikanın hökumətinin hələ də iş başında olması, əslində, normal şərtlərdə özü bir NONSENSDİR, ayrıca bir tragikomediyadır.
Vəziyyət hər gün, hər həftə, hər ay daha da pisləşməkdədir və bir daha təkrar edirəm, ölkəni idarə edən siyasi və iqtisadi komandanın milli iqtisadiyyatı fundamental əsaslarda düzəltməsi, yenidən yığması, düşdüyü quyudan çıxarması üçün real effektiv plan-proqramı yoxdur! Ən acınacaqlısı da elə budur”.