“İllərdir ki, Azərbaycanın siyasi düşərgəsində Rusiya və İranmeyilli qüvvələr at oynatmaqdadır”.
Bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının humanitar məsələlər üzrə müavini Ehtiram İlham deyib.
Onun fikrincə, bu qonşu dövlətlərin ölkəmizə yumşaq deyilsə, heç də xoş olmayan münasibəti hər kəsə gün kimi aydın olan bir məsələdir.
“Elə bir məsələ ki, bu barədə milli qüvvələr illərdir, haray çəkir. Bəyan edir ki, bu siyasət Azərbaycanın milli maraqları ilə daban-dabana ziddir, ölkəmizin təhlükəsizliyinə birbaşa təhdiddir və dövlətimizi zəiflətmək məqsədi güdür”, - deyə o bildirib.
Ehtiram İlham əlavə edib ki, ancaq yenə də rusiyameyillilər və iranpərəstlər öz "fəaliyyətlərini" nəinki davam etdirirlər, hətta daha açıq və net şəkildə bu ölkələri müdafiə etməkdə israrlıdırlar: “Azərbaycanın qalibiyyətlə başa vurduğu İkinci Qarabağ savaşından sonra İrana bağlı qüvvələrin xüsusilə fəallaşdığı müşahidə olunmaqdadır. Etnik ayrıseçkilik kimi mənasız və mənfur bir düşüncəni insanların beyninə yeritməyə çalışan "qüvvələr"in bu yolda heç nədən çəkinmədikləri də göz önündədir. İslam Partiyasının bu işdə canfəşanlığı isə heç şübhəsiz İran siyasətinin birbaşa müdafiəsi və təbliğindən keçir. Hətta iş o yerdədir ki, debatlara İslam Partiyasının rəhbərliyi İranın müdafiəçisi kimi dəvət olunur. İranın ölkəmizə qarşı zərərli siyasətinin dəstəkçisi, belə demək doğrudursa, İranın sözçüsü olan partiyalar niyə dövlət qeydiyyatına alınır? Aidiyyəti qurumlar, hüquq-mühafizə orqanları bunları niyə nəzarətdə saxlamır? Hakimiyyətin əleyhinə 2 cümlə deyəni Afrika qitəsindən tapıb gətirə bilir, dövlətə qarşı təhdid olanları görmür?
Bir ölkədə oturub, başqa dövlətinin maraqlarını necə müdafiə eləmək olar axı…
Bu ölkədə fəaliyyət göstərən hər hansı bir partiya ilk növbədə Azərbaycanın mənafeyini güdməli, onun haqq işinə dəstək olmalıdır. Bizim qarşıda hələ görüləsi çox işimiz, həllini gözləyən xeyli problemimiz var. Bütün məqsədlərimizə isə milli birliyimizlə çata bilərik. Bu birlik bizə xüsusilə indiki vaxtda daha çox lazımdır. Güneydəki soydaşlarımızın ayağa qalxmağından qorxanların hər cür əməli isə mütləq qınanmalıdır. Harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın, xalqımızın hər fərdinin haqqının qorunması Azərbaycandakı hər bir siyasi partiyanın başlıca qayəsi və amalı olmalı deyilmi?”