Azərbaycan Ordusu bu günlərdə Qarabağın dağ-meşə massivində həyata keçirdiyi uğurlu əməliyyatla hərbi-strateji baxımdan yeni əlverişli mövqelərə çıxıb. Bununla da erməni separatçıların son vaxtlar hərbi daşımalar həyata keçirdikləri Laçın-Xankəndi yoluna alternativ torpaq yollar Ordumuzun vizual nəzarəti altına düşüb.
AY Partiya olaraq bəyan edirik ki, Azərbaycan dövlətinin beynəlxalq hüquqla tanınmış əraziləri daxilində öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək və asayişi qorumaqdan ötrü müstəsna hüquqları var. Bu mənada həyata keçirilən hərbi əməliyyatlar tam legitimdir, Azərbaycan Respublikası Konstitusiyasına uyğundur.
AY Partiya hesab edir ki, davamlı sülh təşəbbüslərinə sadiqlik nümayiş etdirən, hətta Qarabağın erməni icmasının nümayəndələrini reinteqrasiya və Qarabağdakı infrastruktur ləyihələrinin icrasına dair dialoqa başlamaq üçün paytaxtımıza dəvət edən rəsmi Bakının bu təklifinə imtinanın gəlməsi Azərbaycan Ordusunun yeni mövqelərə çıxan hərbi əməliyyatını labüd edib.
Sahədə baş verənləri birmənalı olaraq, Azərbaycan-Ermənistan arasında mümkün sülh müqaviləsinin bağlanması prosesinə xələl gətirən təxribatların qarşısının alınmasına xidmət etdiyinə şübhə etmirik.
AY Partiya Qarabağın erməni əhalisi ilə vasitəçisiz təmasları dəstəkləyir. Ordumuzun sahədə atdığı qətiyyətli addımların sülh prosesini ləngitmək meylini nümayiş etdirən Ermənistan Respublikasını yola gətirəcəyini, sülh müqaviləsinin alternativsiz olduğuna əmin edəcəyinə inanırıq.
Rusiyanın indiki hakimiyyətinin, az qalsın dünyadan təcrid olunduğu və Rusiya prezidentinin beynəlxalq miqyasda cinayətkar elan edildiyi bir vaxtda, bizim dövlət olaraq yeganə hədəfimiz hüquqi və siyasi planda nəzarət edə bilmədiyimiz suveren ərazilərimizə qayıtmağa nail olmaqdır.
Azərbaycan Yüksəliş Partiyası hesab edir ki, bundan ötrü rəsmi Brüsselin səmimi sülh və barış təşəbbüslərini dəstəkləməklə yanaşı, bu, baş tutmadığı halda, hərbi planda sülhəməcburetmə bütün hallarda konstitusion haqqımızdır. Bir daha vurğulayırıq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi hər zaman olduğu kimi, bizim milli və strateji olaraq qırmızı xəttimizdir.
AY Partiya hesab edir ki, Azərbaycana torpaq iddiası irəli sürən bəzi qonşu ölkələrin təhdidləri fonunda Cənubi Qafqazda geosiyasi və geostrateji planda gəldiyimiz son nöqtə ciddi təhlil olunmaqla, hərbi-siyasi müttəfiqimiz qardaş Türkiyə Cümhuriyyəti ilə bağlanmış və Milli Məclisdə ratifikasiya edilmiş "Şuşa Bəyannaməsi" artıq işə düşməlidir.
Azərbaycan Yüksəliş Partiyası əmindir ki, Ordumuzun yeni yüksəklikləri azad etməsi, strateji əhəmiyyəti olan torpaq yolları nəzarətə götürməsilə nəticələnən son hərbi əməliyyatları davamlı olmaqla yanaşı, tezliklə, Laçında çoxdan gözlənilən sərhəd və gömrük rejiminin təşkili, Qarabağda bütün qanunsuz silahlı dəstələrin tərksilah olunması, o cümlədən yurisdiksiyamızın istisnasız olaraq bütün Qarabağ İqtisadi Rayonunda bərpa edilməsi ilə nəticələnəcək.