Bu gün Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin (Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusan) fəaliyyətə başlamasından 104 il ötür.
120 millət vəkilindən ibarət Parlamentin açılışı 1918-ci il dekabrın 7-də olub.
Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin imzası ilə "Bütün Azərbaycan əhalisinə!" müraciətnaməsi yayılıb.
Müraciətnamədən kiçik bir hissəni paylaşaraq, xalqımızı bu əlamətdar gün münasibəti ilə bir daha təbrik edir və inanıram ki, qurucu babalarımızın bizə miras buraxdığı demokratik, ədalətli və azad seçkilərlə formalaşan bir parlamentə sahib olacağıq.
Müraciətdən:
"Vətəndaşlar! Tarix hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-biriminizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birinə əl uzatmalı və yardım etməlidirlər”.