Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqliq sənədini şərh edib.
Onun fikrincə, sevindirici haldır ki, Azərbaycan xalqı Rusiya ilə bağlı bütün məqamlara həssasiyyət göstərir, sərt təpki verir. İki ölkə prezidentinin imzaladığı və Azərbaycan üçün xüsusi bir zərəri olmayan (bəzi müddəalarda müəyyən suallardan dolayı narahatlıq doğuran məqamlar var) və müttəfiqlik haqqında sonuncu sənədə də ictimaiyyətin müxtəlif təbəqələrindən mənfi reaksiyalar gəldi.
Yəni, Azərbaycan xalqı Türkmənçay müqaviləsindən bu günə qədər tarixən Rusiyanın müxtəlif formatlarda (Çar Rusiyası, Sovet Rusiyası, Rusiya Federasiyası) ya birbaşa, ya da dolayısı ilə başımıza gətirilən bütün faciələrin səbəbkarı kimi görür. Tarixi olayları sadalamağa gərək yoxdur. Bu baxımdan Rusiya ilə imzalanmış istənilən sənədə xalqın gərgin və həyəcanlı reaksiyalar verməsi məntiqlidir.
“O ki qaldı sənədin özünə, birincisi, Rusiyanın bu günə qədər istər özünün imza atdığı, istərsə də beynəlxalq hüquqla tanınan sənədə sayğı göstərməyib. Göstərsəydi, özünün başçılığı ilə yaradılmış MDB-yə vaxtilə üzv olan Moldova, Gürcüstan və Ukrayna dövlətlərinin ərazisində separatçı “dövlət”lər yaratmazdı və həmin ölkələrin suverenliyini təhdid etməzdi.
Məsələyə bu rakursdan baxanda sənədin ölkəmizin post-münaqişə dövrü üçün məqsədlərinə müsbət təsir edəcəyinə inanmaq olmur. Bununla belə, Rusiyanın bu sənədlə Azərbaycanın ərazi bütövlüyünü tanıması, 44 günlük müharibədən sonra imzalanan bəyanatların icra edilməsinə, xüsusilə regionda kommunikasiya xətlərinin açılmasına dəstək göstərəcəyini elan etməsi təqdirəlayiqdir.
Bu gün Rusiyanın həmin "separatçı dövlətlərin müstəqilliyi”ni tanıması bir daha göstərir ki, Rusiya nə özünün atdığı imzaya, nə də beynəlxalq hüquqa - təkrar edirəm və altını cızıram - hörmət edir. Sözün düzü, buna görə də müttəfiqlik sənədinin gələcəkdə ölkəmiz üçün hər hansı bir perspektiv kəsb etdiyini və ya təhdid olduğunu düşünmürəm. Təhdid Rusiyanın yürütdüyü şovinist xarakterli siyasətdir. Rusiya hər hansı sənəd olmadan da müdaxilə niyyətini reallaşdıra bilər. Ancaq indi ən azından özü müdaxilə etməyəcəyinə dair sənədə imza atıb. Bu da bizə imkan verir ki, Rusiya nə vaxtsa bu sənədə də məhəl qoymasa, əlimizdə beynəxalq hüquqla da danışmaq üçün əsaslı arqument olsun”.
AY Partiya Başqanı bildirib ki, imzalanan sənədi Azərbaycan üçün başqa mənada da üstünlüyə çevirmək olar. Belə ki, bu sənədin Rusiya tərəfindən hazırlandığı şübhə doğurmur və bu o deməkdir ki, sənəddə Kremlin Azərbaycanla bağlı niyyətləri əks olunur. Əlbəttə ki, Rusiyanın bizimlə bağlı niyyətləri hər zaman aydın olub, lakin bu sənəd həmin niyyətlərin konturlarını müəyyən etmiş oldu: “Düşünürəm ki, Azərbaycan dövləti Rusiya ilə bağlı yürütdüyü siyasətdə bu məqamları nəzərə alacaq və rəsmi Moskvadan fərqli olaraq fəaliyyətini niyyətlə deyil, real əməldə ortaya qoyacaq.
Azərbaycan tərəfinin atdığı imzanın arxasında nə dayandığını və Şuşa Bəyannaməsindən sonra Rusiya ilə müttəfiqliyin bizə nə vəd etdiyi barədə suallara gəldikdə isə, burada bir neçə incə məqam var.
Öncə vurğulayım ki, burada əsas narahatedici məsələ zamanlama ilə bağlıdır. Yəni, bütün dünyanın Rusiyaya “işğalçı” dediyi, Rusiyanın da beynəlxalq hüququ tapdaladığı bir zamanda Moskvada bulunmaq insanlarımızda belə bir fikir formalaşdırır ki, Azərbaycan Rusiyayla müttəfiqlik deklarasiyasına imza atmaqla 30 ildir, Rusiyanın və Qərbin arasında yürütdüyü balanslaşdırılmış xarici siyasət kursundan birdən-birə Ukrayna böhranı fonunda tərəf seçməklə mövqe sərgiləyir. Bu düşüncə güclənməsin deyə, Azərbaycan XİN təcili Ukrayna ilə bağlı dövlətin mövqeyini əks etdirən gərəkli açıqlamanı verməlidir. Bizə də məlum olan problemə (ərazi bütövlüyü) mövqeyimiz bəllidir və qeyd-şərtsiz Ukraynanın ərazi bütövlüyünü tandığımızı dövlət olaraq dəfələrlə qeyd etmişik.
Aydındır ki, Kremldə olarkən belə bəyanat vermək diplomatik olaraq, doğru sayılmazdı. Doğrudur, Kreml bu kimi diplomatik gedişlərə sayğı göstərmir, heç umrunda da deyil. Əksi olsaydı, Rusiya XİN-in rəsmi “Facebook” səhifəsində “Türkmənçay"la bağlı qıcıq yaradan məlumat yerləşdirib, mesaj verməzdi. Əslində, bizim XİN tərəfindən bunun cavabı elə həmin gün rəsmi səhifəsinə Ukrayna ilə bağlı mesajın yerləşdirilməsi olmalı idi. Ancaq dediyim kimi, Kremldə biz diplomatik jest eləmişik kimi göründük, indi isə artıq mövqeyimizi rəsmi şəkildə ortaya qoymalıyıq.
İkincisi, 30 ildir, Azərbaycanı Qarabağ münaqişəsi ilə şantaj edən Rusiyaya Qərb heç vaxt “dur” demədi. Qərbin maraqlarına necə uyğundursa, elə də rəftar edirdi. Azərbaycan Rusiya qarşısında hər zaman Qərbin dəstəyi olmadan dayanıb (necə dayanıb, bu, başqa söhbətin mövzusudur).
Və həmin Qərbin Ukraynanı saldığı vəziyyət də gözümüzün önündədir. Boş verin, bu sanksiyaları... 40 ildən çoxdur, İrana qarşı sanksiyalar tətbiq olunur, nə olsun?!
Sanksiyalar aqressorun durdurulması üçün yetərli olmadı. Elə həmin mollalar yenə də hakimiyyətdədir və insanlarla necə gəldi, davranırlar. Qərb illərdir, konkret şəkildə bizim bölgəylə bağlı ikili oynayır və Rusiyanın maraqlarına da çox vaxt dəstək olur. Qərb üçün sülh Qərb üçündür, Qərb üçün demokratiya Qərb üçündür, bu, aydındır. Amma biz bütün hallarda Qərbə doğru yönəlməliyik, çünki oradan ən azından demokratik seçkiləri öyrənməli, siyasi mədəniyyəti əxz etməliyik”.
Anar Əsədlinin fikrincə, Qərb öz maraqlarını güdsə də, ayı deyil, heç yerə silahla soxulmur. Bu baxımdan aktual sual budur: Qərb öz maraqlarını güdür, bölgəyə demokratiya ixracında maraqlı deyil, Rusiya qonşumuzdur, hər yerə soxula bilir, yeri gələndə bütün beynəlxalq hüquqları tapdalayır və s. Biz nə etməliyik?
“Bu suala cavab axtararkən dövlət ağlı ilə baxmaq lazımdır məsələlərə. Rusiya bizim qonşumuzdur, nə biz burdan gedəsiyik, nə onlar. Bizim bəxtimizə bu coğrafiyada Rusiya və İran kimi qonşularla yaşamaq düşüb. Yaşadığımız bütün tarixi gerçəklikləri unutmadan biz qonşularımızın demokratik bir cəmiyyətə çevrilməsini arzu edirik. Demokratik quruluşlar qurulana qədər isə imperial və avtoritar rejimlərə sahib regionun super güclərini neytrallaşdırma siyasəti aparılmalıdır. Yəni bizə demokratik təfəkkürlə idarə olunan qonşular lazım.
Fikrimcə, Azərbaycanın de-yure və de-fakto olaraq əsas müttəfiqi öz qardaşı Türkiyədir. İstər tarixi Qars, istər müasir dönəmin Şuşa Bəyannaməsi bunun bariz sübutudur. Məsələyə bu prizmadan baxmalıyıq. Bilirik ki, Rusiya imzaladığı bütün sənədləri poza bilər və müttəfiqlik sadəcə görüntü xarakteri daşıyır. Yumşaq desək, "Rusiyadan nə isə qoparaq" prinsipi ilə məsələyə yanaşmaq lazımdır. Dar ayaqda Rusiyaya jest eləmək olar, ancaq boşuna deyil. “Səninlə sənəd imzalayıram, amma mənim də istədiklərim var” mesajı var bu imzanın arxasında. Ona görə də, sözün düzü, məni düşündürən bu situasiyada Azərbaycanın nə qazana biləcəyidir.
Və nəhayət, sənədli və ya sənədsiz olaraq yanımızda olan qardaş ölkə, əsas müttəfiqimiz olan Türkiyə bu gün Ukraynanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqe nümayiş etdirir, daha çox tərəfləri barışdımaq mövqeyinə yer verir.
Yekun olaraq qeyd etmək istəyirəm ki, bu sənədlə bağlı yaranan narahatlıqlar milli şüur baxımından sevindirici olsa da, göründüyü qədər əsaslı deyil. Bu sənəd elə sadəcə sənəddir.
Təbii ki, ayıq-sayıq olmaq lazımdır, lakin həssaslığı dövlətin strateji ağlına mənfi təsir göstərəcək həddə çatdırmadan...” - o bildirib.