AZƏRBAYCAN YÜKSƏLİŞ PARTİYASININ TƏŞƏBBÜS QRUPUNUN ƏZİZ MİLLƏTİMİZƏ
MÜRACİƏTİ
Əziz soydaşlarımız!
Bu gün Azərbaycan öz tarixinin ən şərəfli günlərini yaşayır. Millətimizin əsrlər boyunca apardığı mübarizə onu göstərdi ki, biz bu torpaqlarda yaşamaq haqqını öz canımızla, qanımızla qoruyub saxlamışıq. Belə bir ağır, bir o qədər də şanlı zamanda əldə etdiyimiz hərbi uğurlarımızın mülki həyatımıza da təsirsiz keçmədiyinin şahidiyiq. Millətimiz sanki yenidən doğulur, dirçəlir, yüksəlir. Hər birimiz çalışdığımız sahələrdə yeni uğurlara imza atmaq üçün ruh yüksəkliyi ilə işləməyə can atırıq.
Belə sahələrdən biri dövlət quruculuğu işində cəmiyyətimizin hər bir üzvünün aktiv iştirakını təmin etməkdir. Vətəndaşlarımızın bu fəaliyyəti daha mükəmməl şəkildə həyata keçirilsin deyə, yeni siyasi partiyaların qurulmasına ehtiyac var. Bu minval və düşüncə ilə yola çıxan bir çox insanımız Vətənimizin inkişafı, çiçəklənməsi, yüksəlişi üçün müxtəlif partiyaları qurmaq üçün təşəbbüs göstərir, təşkilatlanır və fəaliyyət aparır. Biz də belə təşəbbüs qruplarından biriyik. Məqsədimiz Azərbaycan Yüksəliş (AY) Partiyasının qurulmasına nail olmaqdır.
Biz inanırıq ki, AY Partiyası sosial-iqtisadi, ictimai-siyasi, elmi-mədəni və digər sahələrdə millətimizin arzu və tələblərini yüksək səviyyədə nəzərə alacaq və həll edəcək. Bunun üçün ölkəmizin taleyinə laqeyd olmayan cəmiyyətimizin hər bir üzvünə müraciət edirik: Birlikdə, əl-ələ Azərbaycanımızı yüksəklərə doğru aparaq! Sıralarımızı genişləndirək, əməkdaşlığımızı gücləndirək! Bu gün hərb meydanında millətimizin əldə etdiyi sinerjini mülki həyatımızda dövlətimizin xeyrinə istifadə edək! Bütün bu arzularımızı həyata keçirmək üçün partiyalaşaq.
Belə bir əhval-ruhiyyə ilə biz qərara gəldik ki, 6 dekabr 2020-ci il tarixdə Azərbaycan Yüksəliş Partiyasının təsis qurultayını keçirək. Çox istərdik ki, ilk qurultayımızı real, geniş formatda və hər kəsə açıq şəkildə paytaxtımızın ən böyük zallarından birində təşkil edək. Lakin ölkəmizdə tətbiq olunan hərbi vəziyyəti və dünyanı cənginə almış pandemiyanı nəzərə alaraq, təsis qurultayımızın ZOOM formatında keçirilməsinə qərar verdik. Ona görə də budəfəki qurultayımızda kənardan ancaq media nümayəndələrini dəvət edə biləcəyik. Ancaq əmin ola bilərsiniz ki, bütün sosial məsafə qadağaları aradan götürüləndən və cəmiyyətimizin həyatı normal axarına qayıdandan sonra çoxunuzu qonaq kimi dəvət edəcəyimiz geniş tərkibli qurultayımızı mütləq keçirəcəyik. Biz çalışacağıq ki, təsis qurultayında Azərbaycanımızın hər bir rayonu, hər bir bölgəsi təmsil olunsun. Bəri başdan qurultayımızda seçiləcək olanlara fəaliyyətlərində müvəffəqiyyətlər diləyirik. Arzu edirik ki, yeni partiyamız köhnə problemlərimizə çözüm gətirsin, bütün ictimai-siyasi qüvvələr ilə xoşməramlı əməkdaşlıq etsin, alimlərimizin, ziyalılarımızın, ədiblərimizin, sənətkarlarımızın ortaq çalışma ocağı, gənclərimizin, xanımlarımızın, ahıl insanlarımızın fəaliyyət mərkəzi olsun, iqtidarın və hökumət nümayəndələrinin hesablaşdığı qüvvəyə çevrilsin.
Bütün bu arzularımızı və planlarımızı gerçəkləşdirmək üçün yolumuz açıq olsun, mübarizəmiz qutlu olsun!
Var olsun millətimiz!
Yaşasın Azərbaycan!