Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal və digərləri...
Mübariz insan, dönməz insan, qalib insan. Onlar 1944-cü ilin yazında mühakimə olundular, həbs edildilər, ancaq Türklük, Türkçülük və Turançılıq düşüncəsinə xəyanət etmədilər.
Türk milləti onları bu mübarizələrində tək qoymadı və həmin ilin may ayının 3-də Ankarada onlara dəstək məqsədi ilə izdihamlı nümayiş keçirdi. Tarixdə “Ankara nümayişi” adı ilə bilinən həmin etiraz dünyanın status-kvosuna, imperialistlərin sifarişlərinə qarşı bir üsyan, beyinlərdə və ürəklərdə bir inqilab hərəkatının başlanğıcı idi.
Türkçülük gününün əhəmiyyətini Nihal Atsızın öz qələmindən oxuyaq: “3 May - türkçülüyün tarixində dönüş nöqtəsidir. O zamana qədər yalnız duyğu və düşüncə olan, ədəbi və elmi sərhədləri çox da aşmayan türkçülük birdən-birə geniş bir hərəkata çevrildi.
3 may türkçülərin günü olsa da, ona bir bayram deyə bilməyəcəyik. Çünki illərlə sürəcək böyük iztirabımız həmin gündən başladı. Ona bir matəm demək də qəbul edilməz. Çünki həmin gün bizə bu qədər sıxıntı arasında böyük bir imtahan vermək, ürəkləri ilə ürəksizləri ər meydanında sınaqdan çıxarmaq, yaxşı ilə yamanı ayırmaq fürsəti verdi. Türkçülər, kütləvi və ya fərdi olaraq 3 Mayı anaq və ucaldaq”.
Biz isə ancaq onu əlavə edək ki, bu gün də Türklük, Türkçülər və Turançılar üçün təhlükələr azalmayıb, Türk Millətinin təhlükəsizliyi və mövcudluğuna qarşı təhdidlər yox olmayıb. Dünya Türklüyünün həmrəyliyinə və birliyinə bu gün daha çox ehtiyac var.
Azərbaycan Yüksəliş Partiyası 3 May – Türkçülük Günü münasibəti ilə hər bir Türkçü-Turançı canfədai soydaşımızın mübarizəsinə “Qutlu olsun!”, hər bir Türk dostuna “Var olun!” deyir, Türk Millətinin azadlığı və istiqlalı üçün canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, Türkçülük bayrağını bizə əmanət edən Türkçü atalarımızın əziz xatirələrini ehtiramla yad edir.