Türk elminin inkişafında əvəzsiz rolu olan, ODTÜ-nün keçmiş rektoru, Almaniyanın Yüksək Ləyaqət Nişanı sahibi, Azərbaycan Kültür Dərnəyi keçmiş Danışma Məclisi Başqanı Prof. Dr. Nuri Saryal əbədiyyətə qovuşmuşdur.
Bakıda anadan olan Nuri Saryal həyatı boyunca Azərbaycan və Türk Dünyası sevdalısı olmuş, hər addımında, ictimai işlərində və elmi fəaliyyətində ölkəmizin müstəqilliyi üçün çalışmışdır. Bu şərəfli yolda o, Azərbaycan Xalq Cümhuriyyətinin xaricdə təhsil almağa göndərdiyi yüz tələbədən biri olan atası, Mir İsmayıl Seyidzadənin layiqli varisi olaraq yürümüşdür. Beləliklə də yeni gənc aydın nəslə həmin estafeti təhvil vermiş, neçə-neçə milli vətənpərvər və peşakar kadrların yetişməsini təmin etmişdir.
Ürəyi daim Azərbaycan ilə döyünən, elmin, irfanın, gənc ziyalıların himayəsində duran Prof. Dr. Nuri Saryalın əziz xatirəsi hər zaman yaddaşlarda yaşayacaq, aydınlığa aparan yolda yeni nəsillərə işıq tutacaqdır.
Nur içində yatsın!