Azərbaycan Yüksəliş Partiyasının 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Bəyanatı
1917-ci ilin Oktyabr inqilabından sonra Rusiya imperiyasının növbəti idarəetmə forması bolşeviklər Bakıda hakimiyyəti ələ keçirdilər və Daşnaksütyun Partiyası ilə müttəfiqlik şəraitində yerli vəziyyətə nəzarəti gücləndirməyə çalışdılar. Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bu prosesi sürətləndirmək üçün etnik erməni olan Stepan Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etdi.
Mart qırğınları ərəfəsində Bakı soveti və Daşnaksütyun Partiyası əks-inqilabçı elementlərə qarşı mübarizə bəhanəsi ilə Bakı və ətraf ərazilər boyunca azərbaycanlıları məhv etmək planını hazırladı. Stepan Şaumyanın etirafına görə, azərbaycanlılara qarşı olan qırğınlarda Bakı sovetinin 6 min və Daşnaksütyun Partiyasının 4 min silahlı əsgəri iştirak edib.
Martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən atəşə tutdu. Sonra silahlı erməni daşnaklar yalnız etnik mənsubiyyətlərinə görə azərbaycanlıların evlərinə basqın edərək, onlara qarşı amansız qətliam həyata keçirdilər. Bu dövrdə erməni-daşnak birləşmələri Bakı şəhərində və ətrafında 20 mindən artıq günahsız insanı qətlə yetirdilər.
Azərbaycanlılara qarşı törədilən soyqırımı Bakı ilə məhdudlaşmadı. Qısa zamanda ermənilər Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da qırğınlar törətdilər. 1918-ci ilin ilk beş ayı ərzində Qubada 16 mindən artıq insan xüsusi vəhşiliklə öldürüldü, 167 kənd məhv edildi. Bu kəndlərdən 35-i yer üzündən silindi.
1918-ci ilin mart hadisələri Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra diqqət mərkəzində oldu. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən azərbaycanlılara qarşı törədilmiş zorakılığın araşdırılması məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyası yaradıldı. Bu komissiyada ruslar, yəhudilər, polyaklar, gürcülər, hətta ermənilər olmaqla müxtəlif millətlər və həmin dövrün ən yaxşı hüquqşünasları təmsil olunurdu.
Komissiya sübutlar əsasında 128 hesabat və layihə hazırlayaraq, dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi başlatdı.
Beləliklə, avqustun ortalarına qədər törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu. Bu, azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan ilk addım idi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi tamamlamağa imkan vermədi.
Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra 1918-ci ilin mart soyqırımının siyasi qiymətləndirilməsinə davam etdi və Azərbaycan Xalq Cümhuriyyətinin ədalətin bərpası üçün göstərdiyi səyləri başa çatdırmağı qərara aldı. Faciənin 80-ci ilində - 1998-ci ildə 31 mart tarixinin matəm günü elan edilməsi, 30 dekabr 2009-cu ildə isə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında dövlət tərəfindən Fərman imzalandı. Bu fərmanlar XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarının siyasi və hüquqi qiymətləndirməsinin aparılması üçün əsas sənədlər oldu.
Azərbaycan Yüksəliş Partiyası bildirir ki, 1980-ci illərin sonlarından başlayaraq, Ermənistan Rusiyanın növbəti imperiya forması olan SSRİ-nin köməkliyi və Rusiya geosiyasi maraqlarının diktəsi olaraq Azərbaycana qarşı müharibəyə başladı, ölkəmizin ərazilərini işğal edərək, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində milyonlarla azərbaycanlının etnik təmizləməsini həyata keçirdi. Çoxsaylı hərbi cinayətlər, insanlığa qarşı cinayət, eləcə də 1992-ci ilin fevralında Xocalı soyqırımı da daxil olmaqla soyqırımı aktları törədərək mart qırğınını xatırladan siyasəti davam etdirdi.
Azərbaycan Yüksəliş Partiyası hesab edir ki, mart qırğınının 104 illiyində Qarabağ İqtisadi Rayonu ətrafında baş verən hadisələr, rəsmi Moskvanın hadisələrə yanaşması, Rusiyanın müxtəlif hökumət və dövlət nümayəndələri tərəfindən ölkəmizə qarşı səsləndirilən təhdidlər bu siyasətin elə də çox dəyişmədiyini göstərir.
Bu gün bütün dünyanı nüvə silahı, kütləvi qırğınlarla hədələyən Rusiyanın rəsmi şəxslərinin riyakarlığı və şovinistliyi əslində anlaşılandır. Çünki həmin şəxslər yaxın keçmişlərinin dövlətçilik tarixini vərəqləyərkən Azərbaycanda 1905-1906, 1918, 1988-1994-cü illərdə törədilən qətliamları, Fərqanə hadisələrini, Qarabağı, Osetiyanı, Dnestryanını və əlbəttə ki, bugünkü Ukraynanı görürlər. Təbii olaraq, gördüklərini, öyrəndiklərini də təzahür edirlər.
Azərbaycan Yüksəliş Partiyası bildirir ki, hər bir dövlətin öz dəyərləri, quruluşu, qırmızı xətti, yanaşması, prinsipləri olur. Əfsus ki, bizim qonşumuz olan və hələ də xeyli gücə, rıçaqlara sahib Rusiyanın dövlətçilik anlayışının ana xəttində şovinizm, milli, irqi ayrıseçkilik, aqressiv xarakter dayanır.
Azərbaycan Yüksəliş Partiyası 31 mart 1918-ci ildə xalqımıza qarşı törədilən soyqrımı aktını qətiyyətlə pisləyir, dünya ictimaiyyətini yaxın keçmişdə baş verən bu kimi qətliamları unutmamağa, aqressorlara qarşı həmrəylik nümayiş etdirməyə çağırır.
Azərbaycan Yüksəliş Partiyası zaman-zaman böyük dövlətlərin maşasına çevrilən Ermənistanı bölgədə yaranmış yeni reallıqları diqqətlə analiz etməyə, Azərbaycan xalqına qarşı nifrət və aqressiya dolu siyasətdən əl çəkməyə çağırır.