Azərbaycan Yüksəliş Partiyasının Güney Azərbaycan Türklərinin haqsız və qanunazidd təqiblərə məruz qalmaları ilə əlaqədar etiraz
BƏYANATI
İran İslam Respublikasında Güney Azərbaycan Türklərinə qarşı təqiblər və repressiyalar tam sürəti ilə davam edir. Həbs edilənlərə qarşı insanlığa yaraşmayan münasibətlərdən dolayı bir çox məhbusun sağlamlığı və həyatı ciddi təhlükə qarşısındadır.
Onlardan biri, Güney Azərbaycan Milli Mübarizi Yaşar Piriyə saxlanıldığı Təbriz həbsxanasında ağır işgəncə verilib. İki gün əvvəl müvəqqəti icazə adı altında həbsxanadan çıxarılıb. Səhhətində ciddi problem yarandığı üçün o, ailəsi tərəfindən xəstəxanaya yerləşdirilib. Ailə üzvlərinin dediyinə görə, onun bədənində ağır işgəncə izləri var, hazırda Yaşar Piri süni tənəffüs aparatına qoşulub.
Həkimlərin sözlərinə görə, hazırda onun həyatı təhlükədədir. Bildirilir ki, onun böyrəkləri tamamilə sıradan çıxıb, böyrək köçürmə əməliyyatına ehtiyacı var.
Məlumat üçün bildirək ki, Yaşar Piri hüquq məzunudur, onun istəyi Güney Azərbaycan Türklərinin milli-mədəni haqlarının təmin olunmasıdır. Ali savadlı, ziyalı insanı həbsxanalarda çürütmək bəşəri cinayətdir.
AY Partiya Yaşar Piriyə və Güney Azərbaycan Türkü olan digər siyasi məhbuslara qarşı aparılan repressiya siyasətini pisləyir, onlara qarşı irəli sürülən ittihamların və barələrində verilmiş hökmlərin ləğvini, bəraət verilməsini tələb edir.
Güney Azərbaycanlı soydaşlarımızın milli və mədəni haqları uğrunda apardıqları mübarizəyə insan haqları çərçivəsində hər zaman dəstək verəcəyimizi və Güney Azərbaycan məsələsini daim gündəmdə saxlayacağımızı bəyan edirik.