Bu gün Krım Xalq Respublikası hökumətinin ilk prezidenti, Krım Tatar Milli Konqresinin qurucularından biri, Krım, Litva, Polşa və Belarus Müftisi Numan Çelebicihanın anım günüdür.
Numan Çelebicihan 23 fevral 1918-ci il tarixdə şəhid olub.
Onun adı Krım tatarlarının milli azadlıq hərəkatının liderləri arasında çəkilsə də, Sovet hakimiyyəti dövründə qəsdən ört-basdır edilib, Krım tatarlarının öz müqəddəratını təyinetmə hüququ uğrunda apardığı mübarizədən bəhs olunmayıb.
Hürriyyəti və azadlığı hər şeydən üstün tutan demokratik dünya və ziyalılar, həmçinin Krım tatarları üçün Numan Çelebicihan milli dirçəlişi dilə gətirən və “Ant Etkenmen” sətirlərindən sonra “antlı şəhid” adlandırılan milli liderlərdən biridir.
1917-ci ilin dekabr ayında keçirilmiş Birinci Krım Tatar Milli Qurultayı iclasında böyük rol oynayan Çelebicihan Qurultayın idarə heyətinin rəhbəri seçilir. Qurultayın fəaliyyəti nəticəsində "Krım Tatar Xalq Cümhuriyyəti"nin qurulması üçün işlərin aparılmasına qərar verilir və Numan Çelebicihan qurulan hökumətin prezidenti seçilir.
Bolşevik qüvvələr tərəfindən Krımın işğalı nəticəsində Qurultay ləğv edilir. Krım tatarlarının milli liderləri ya tutulur ya da Krımdan qaçmağa məcbur edilir. Həbs olunan Numan Çelebicihan 23 fevral 1918-ci ildə bolşeviklər tərəfindən vəhşicəsinə öldürülür və nəşi Qara dənizə atıldı.
Çelebicihan həm də şair və yazıçı kimi tanınırdı. Onun "Ant Etkenmen" şeiri Krım Tatarlarının milli marşı kimi qəbul edilib.