Bu gün ölkəmiz çox əlamətdar bir hadisəyə şahidlik edəcək. Müdafiə Nazirliyinin məlumatına görə, 3 dövlətin - Azərbaycan, Türkiyə və Pakistanın hərbi qüvvələri ilk dəfə ölkəmizdə birgə təlimlər keçirəcək.
Xüsusitəyinatlı qüvvələrin iştirakıyla keçirilən bu cür beynəlxalq təlimlər böyük əhəmiyyəti daşıyır. "ÜÇ QARDAŞ - 2021" adlanan tədbir hərbi əməliyyatlar baş verən vaxt bu 3 dost ölkənin xüsusitəyinatlı qüvvələrinin birgə fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir.
Təlimlərdə həmçinin tərəfdaş ölkələrə təcavüz və ya hücum zamanı birgə fəaliyyətin uzlaşdırılması, effektiv müdafiə tədbirlərinin hazırlanması kimi vacib hərbi məsələlər də nəzərdə tutula bilər. Hərbi əməkdaşlığın bu cür yüksək sferası heç şübhəsiz Azərbaycan üçün misilsiz əhəmiyyət daşıyır.
İkinci Qarabağ Savaşının Zəfərini yaşayan ölkəmiz bu əməkdaşlıq nəticəsində öz müdafiə qabiliyyətini həm sülh, həm də müharibə şəraitində daha etibarlı şəkildə qoruyub gücləndirə bilər.
Azərbaycan Yüksəliş Partiyası bəyan edir ki, bu işdə millətimizə, şanlı Ordumuza dünyada böyük nüfuz sahibi və hərbi qüdrətə malik olan Türkiyə və Pakistan kimi qardaş ölkələrlə bir yerdə olmaq gələcək Zəfərlərə açılan qapı olacaq.