Rusiya Federasiyası Prezidenti Vladimir Putinin beynəlxalq hüququ kobud şəkildə pozmaqla, Ukraynanın ərazi bütövlüyü və suverenliyini sual altında qoyaraq qondarma "Donetsk Xalq Respublikası" və qondarma "Luqansk Xalq Respublikası"nı müstəqil dövlətlər kimi tanıması diplomatik danışıqların dayandırılması ilə yanaşı, Ukrayna dövlətinə qarşı açıq təcavüz aktıdır.
Azərbaycan Yüksəliş Partiyası hesab edir ki, Rusiyanın suveren Ukrayna dövlətinə qarşı bu yanlış qərarı işğalın davamı üçün yeni bəhanələr yaratmaqla bərabər, həm də beynəlxalq miqyasda sülhə, sabitliyə, qlobal və regional təhlükəsizliyə ciddi təhlükədir.
Ukraynanın suveren ərazilərində meydana çıxmış separatçı rejimlərin Rusiya tərəfindən tanınması eyni problemdən əziyyət çəkən Azərbaycan üçün də təhlükəli beynəlxalq presedentin yaranması deməkdir və baş verənlər ölkəmizin regional, geosiyasi və geoiqtisadi maraqları üçün təhdid yaradır.
Azərbaycan Yüksəliş Partiyası Ukrayna dövlətinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bu təcavüz aktını, Rusiya prezidentinin postsovet ölkələrinə qarşı başlatdığı "Böyük İttifaq Dövləti" layihəsindən irəli gələn imperialist və eksponsionist siyasətini şiddətlə pisləyir. AY Partiya olaraq, dünya birliyini ölkələrin ərazi-bütövlüyü və suverenliyi prinsipini əsas tutmaqla, beynəlxalq hüququ, ədaləti, ən əsası, Ukrayna dövlətini müdafiə etməyə çağırırıq.