Dil millətin milli-mənəvi dəyərlərinin inkişafında önəmli rol oynayır.
Ana dilini bilməyən, başqa dildə danışan insanlar adətən mənəvi cəhətdən şikəst böyüyür. Ana dili millətin özünəməxsusluğunu qoruyur. Bir millətin ana dilində sərbəst danışması, təhsil alması böyük xoşbəxtlikdir. Belə ki, bir millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Bir millət özünü məhz milli dili ilə təsdiq edir. B.Vahabzadənin dediyi kimi:
«Mən azadam, müstəqiləm» sözlərini
Öz dilində deməyə də
İxtiyarın yoxsa əgər,
De, kim sənə azad deyər?..
Hər bir azərbaycanlının ilkin vəzifəsi ana dilimizin keşiyini çəkmək, yad ünsürlərdən dilimizi qorumaq, yaşatmaqdır. Çünki dilimiz bizim həyatımız, inamımız və qeyrətimizdir.
Dilimiz keçmişimizin izini daşıyır və gələcəyimizə ötürür. O taylı, bu taylı Azərbaycan türkləri var olduqca dilimiz də hər zaman yaşayacaq.