Ankarada Etimesqut Bələdiyyəsinin TÜRKSOY və Türk Tarix Muzeyi ilə birgə cümhuriyyətimizin qurucularından biri, möhtəşəm və əsrarəngiz himnimizin müəllifi Əhməd Cavadın şərəfinə təşkil etdiyi nəhəng tədbir milli düşüncəli insanlarımızı nə qədər sevindirsə, bir o qədər də məyus etdi.
Təbii ki, söhbət Azərbaycanın özündə istər Əhməd Cavada, istər digər dövlət qurucularımıza olan laqeyd, soyuq və qərəzli münasibətdən gedir.
Xatırlatmaq istərdim ki, mövcud hakimiyyət 28 May tarixini Müstəqillik (Cümhuriyyət) Günü elan edib və bu tarixdə dünyanın müxtəlif ölkə başçılarından gələn təbrikləri məmnunluqla qəbul edir.
Bu təbrikləri qəbul etməyə özündə haqq görən hakimiyyət təəssüf ki, bu haqqı ona qazandıranları xatırlamaq belə istəmir.
Deyilə bilər ki, ölkə başçısının Əhməd Cavadın yubileyi ilə bağlı sərəncamı var. Bəli, göydən asılı qalan bir sərəncam var. Lakin o sərəncamdan irəli gələn və görülməli, icra olunmalı işlərin siyahısı üçün bir barmağımızı belə qatlaya bilmirik.
Azərbaycan təqvimində onlarla bayram günü var və əslində 28 May - Cümhuriyyət Cünü bu bayramların ən önəmlisidir.
Çünki bugünkü Azərbaycan dövləti məhz həmin tarixdə qurulan və 2 il ayaqda durmağı bacaran Cümhuriyyətin varisidir.
O Cümhuriyyət ki, Şərqdə ilk demokratik dövlət idi.
O Cümhuriyyət ki, Avropanın az qala yarısını qabaqlayaraq, qadınlara seçim hüququ tanımışdı.
O Cümhuriyyət ki, demək olar, bütün ərazisini rus-erməni quldurlardan təmizləyərək, 114 min kvadrat kilometrlik bir Azərbaycan xəritəsi yaratmışdı.
O Cümhuriyyət ki, Bakı Dövlət Unuversitetini təsis etmişdi.
O Cümhuriyyət ki, yüzlərlə gənci dünyanın müxtəlif ali məktəblərinə təhsill almağa göndərmişdi.
O Cümhuriyyət ki...
Çox sadalamaq, siyahını kifayət qədər uzatmaq olar.
Qurucu babalarımız bilirsinizmi, hansı prinsiplərlə çalışırdılar? O Cümhuriyyətin Baş naziri şəxsi xərcləri üçün atasına müraciət edirdi. Məncə, təkcə bu fakt yetərlidir.
Bir millətin, bir dövlətin daha da inkişaf etməsi, güclənməsi, əbədi olması üçün mütləq bir ideologiyaya, bir məbədə, bir ibadət yerinə ehtiyacı var. Və o məbəd bizim xalqımız üçün məhz 1918-ci ilin 28 mayında qurulan, heçdən var olunan Azərbaycan Demokratik Cümhuriyyətidir.
Cümhuriyyətin ildönümündə, çox təəssüf ki, təkcə iqtidar deyil, cəmiyyətin demək olar, bütün qurumları "sinifdə qaldı".
Yalnız M.Ə.Rəsulzadənin və silahdaşlarının şəkillərini sosial şəbəkələrdə paylaşmaq və bir neçə nəfərlə Novxanıdakı abidənin ziyarəti bu tarixə sayğıdan çox vəzifə yerinə yetirməyə bənzəyir.
Bu tarix günlərlə anılmalıdır. Seminarlar, elmi-simpoziumlar, kitab və rəsm sərgiləri keçirilməli, musiqi festivalları baş tutmalıdır.
Hər şey Cümhuriyyət üçün olmalıdır, hər şey Cümhuriyyətimizi xatırlatmalıdır.
Bu günün önəmi gənclərə, yeniyetmələrə lazımi şəkildə anladılmalıdır. Və bu, təkcə iqtidarın, dövlətin işi deyil. Bütün ictimai-siyasi qurumların, təşklatların şərəf işidir.
"Bəs siz nə etmisiniz?" deyənlərə təvözakarlıqdan uzaqlaşaraq demək istərdim ki, Azərbaycan Yüksəliş Partiyasının komandası olaraq, günlərlə, hətta gecə-gündüz çalışdıq. Aydınlarımızla, gənclərimizlə, media ilə, şəhid ailələri və qazilərimizlə birgə böyük bir elmi konfrans ortaya qoyduq.
Cümhuriyyətin gördüyü işləri bacardığımız qədər anlatmağa və çatdırmağa çalışdıq.
AY Partiya tərəfindən "Məhəmməd Əmin Rəsulzadə" Beynəlxalq Mükafatı təsis edidi və layiqli ünvanlarını tapdı.
Partiya Başqanı səviyyəsində böyük Əhməd Cavadın Ankarada təşkil edilən anım tədbirinə qatıldıq.
Qətiyyən partiyamızı təbliğ etmək niyyətində deyiləm, sadəcə demək istəyirəm ki, istəyəndə dəyərlərimizə sahib çıxa bilirik.
1 il sonra Azərbaycan Demokratik Cümhuriyyətinin - qutsal məbədin 105 illik yubileyi olacaq. Gəlin, o möhtəşəm günə indidən hazırlaşaq.
P.S. Əhməd Cavad üçün təşkil olunan möhtəşəm tədbir və görülən işlər üçün Türkiyəyə təşəkkürlər!
Ankaraya təşəkkürlər!
TÜRKSOY-a təşəkkürlər!
Etimesqut Bələdiyyəsinə təşəkkürlər!
Türk Tarix Muzeyinə təşəkkürlər!
Bəhrəm İsmayılov
AY Partiya Başqanının I müavini - İcra Aparatının rəhbəri