Bu gün dünya türklərinin ölümsüz lideri Mustafa Kamal Atatürkün anım günüdür.
Ömrü və həyatı əfsanələrə dolu Mustafa Kamal 1881-ci ildə Selanikdə dünyaya göz açıb. Ali hərbi təhsil aldıqdan sonra çoxsaylı savaşların iştirakçısı olub. Yerlə yeksan olmaqda olan böyük bir imperiyanın ən ağır dönəmində - 1919-cu ilin may ayının 19-da Mustafa Kamal ortaya atılaraq Qurtuluş savaşına başlayıb. Qatıldığı 11 qanlı savaşı qalibiyyətlə başa vuran Atatürkün illərlə apardığı böyük mücadilə, Osmanlı səltənətinin xarabalıqları altından müasir, güclü bir dövlətin - Türkiyə Cümhuriyyətinin qurulması ilə nəticələnib: 1923-cü ildə Türkiyə Böyük Millət Məslisi Cümhuriyyətin yarandığını elan edib.
Atatürkün "şah əsəri" adlandırılan Cümhuriyyətin qurulmasından sonra Mustafa Kamal 4 dəfə ölkənin prezidenti seçilərək ömrünün sonunadək dövləti idarə edib. 1938-ci ilin 10 noyabrında 57 yaşında gözlərini əbədi yuman Atatürkün qəbri üzərində möhtəşəm mavzoley - Anıtqəbir ucaldılıb. Dünyanın harasında yaşamasından asılı olmayaraq Anıtqəbir hər bir Türkün sitayiş yeri, səcdəgahı hesab olunur.
Azərbaycan Yüksəliş Partiyası böyük dövlət Adamı, dahi sərkərdə, çağdaş Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün parlaq xatirəsini ehtiramla yad edir, ruhu qarşısında böyük sayğıyla baş əyir.