Azərbaycan-türkçülük ideyasının görkəmli nümayəndəsi, alim, həkim, ədib, jurnalist, filosof, ictimai xadim Əli bəy Hüseynzadənin doğum günüdür.
Əli bəy Hüseynzadə 24 fevral 1864-cü ildə Salyan şəhərində anadan olub. Fars, ərəb, rus, alman dillərini səlis öyrənib.
Əli bəy hələ gimnaziyada oxuduğu dövrlərdə türkçülük, turançılıq ideyalarınının fəlsəfəsinin, mahiyyətinin təbliğatçısı kimi çıxış edib, Esxilin "Zəncirlənmiş Prometey" əsərini yunan dilindən türkcəyə çevirib.
Əli bəy Hüseynzadənin xalqın oyanış və dirçəlişində, maarifçilik sahəsində və ümumilikdə türkçülük, turançılıq ideyalarının formalaşmasında müstəsna xidmətləri olub.
Yazdığı əsərlər arasında "Türklər kimdir və kimlərdən ibarətdir"məqaləsi türk insanının bəşəriyyətdə yerini, mahiyyətini özündə əks etdirir.
1906-cı ildə "Füyuzat" mətbuat orqanını yaradır. O, yaradıcılığında türkçülük ideologiyasını təbliğ etməklə yanaşı türk xalqlarının dilinin yayılması məsələsinə də xüsusi diqqət göstərirdi.
O deyirdi: "Biz türküz: Dilimizin, lisanımızın tərəqqisinə mane olan hər növ səddlərin, divarların yaxılmasına, rəf olunmasına qeyrət ediniz".
Sizlərsiniz еy qövmi-Macar, bizlərə ixvan
Əcdadımızın müştərəkən mənşəyi Turan.
Bir dindəyiz biz, həpimiz hakpərəstan;
Mümkünmü ayırsın, bizi İncil ilə Quran?
deyən Ə.Hüseynzadə 17 mart 1940-cı ildə İstanbul şəhərində dünyasını dəyişib.
Azərbaycan Yüksəliş Partiyası görkəmli ictimai xadim, türkçü və turançılıq ideyasının yaradıcısı Əli bəy Hüseynzadənin xatirəsini dərin sayğı ilə yad edir.