Azərbaycan-türkçülük ideyasının görkəmli nümayəndəsi, alim, həkim, ədib, jurnalist, filosof, ictimai xadim Əli bəy Hüseynzadənin anım günüdür.
Əli bəy Hüseynzadə 24 fevral 1864-cü ildə Salyan şəhərində anadan olub, bir müddət sonra ailəsi Tiflis şəhərinə köçdüyündən ilk təhsilini 1875-1885-ci illər ərzində Tiflis gimnaziyasında alıb və fars, ərəb, rus, alman dillərini səlis öyrənib.
1885-ci ildə Sankt Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olaraq, dövrün tanınan elm xadimlərinin tələbəsi olub.
Hələ gimnaziyada oxuduğu dövrlərdə türkçülük, turançılıq ideyalarınının fəlsəfəsinin, mahiyyətinin təbliğatçısı kimi çıxış edib.
Təhsilini İstanbulda davam etdirən Ə.Hüseynzadə tələbə ikən bir çox tanınmış şair və yazarların əsərlərini müxtəlif dillərdən çevirərək dövrün sayılan mətbuatlarında nəşr etdirib. İlk olaraq Esxilin "Zəncirlənmiş Prometey" əsərini yunan dilindən türkcəyə çevirən Əli bəy olub.
1892-ci ildən etibarən o, Turan ismli ilk türk olaraq tanınırdı.
Əli bəy Hüseynzadənin xalqın oyanış və dirçəlişində, maarifçilik sahəsində və ümumilikdə türkçülük, turançılıq ideyalarının formalaşmasında müstəsna xidmətləri olub.
1903-1910-cu illər arasında Bakıya qayıdan Ə.Hüseynzadə ölkənin mədəni, ictimai-siyasi həyatında yaxından iştirak edərək, mühüm işlər görüb.
1905-ci ildə onun təşəbbüsü və H.Z.Tağıyevin maddi dəstəyi ilə "Həyat"qəzeti nəşrə başlayır. Qəzetin ilk nüsxəsində ədib belə yazır: "Bundan sonra meydan ancaq maarifin tərəqqi və təkamülün, maddi və mənəvi təkamülündür".
Yazdığı əsərlər arasında "Türklər kimdir və kimlərdən ibarətdir"məqaləsi türk insanının bəşəriyyətdə yerini, mahiyyətini özündə əks etdirir.
1906-cı ildə "Füyuzat" mətbuat orqanını yaradır. O, yaradıcılığında türkçülük ideologiyasını təbliğ etməklə yanaşı türk xalqlarının dilinin yayılması məsələsinə də xüsusi diqqət göstərirdi.
O deyirdi: " Biz türküz: Dilimizin, lisanımızın tərəqqisinə mane olan hər növ səddlərin, divarların yaxılmasına, rəf olunmasına qeyrət ediniz".
Sizlərsiniz еy qövmi-Macar, bizlərə ixvan
Əcdadımızın müştərəkən mənşəyi Turan.
Bir dindəyiz biz, həpimiz hakpərəstan;
Mümkünmü ayırsın bizi İncil ilə Quran?
deyən Ə.Hüseynzadə 17 mart 1940-cı ildə İstanbul şəhərində dünyasını dəyişib.
Azərbaycan Yüksəliş Partiyası görkəmli ictimai xadim, türkçü və turançılıq ideyasının yaradıcısı Əli bəy Hüseynzadənin xatirəsini dərin sayğı ilə yad edir.