Bu gün böyük Türk düşünürü İsmayıl bəy Qaspıralının anım günüdür.
1851-ci ilin 20 martında Krımda anadan olan İsmayıl bəy Qaspıralı, bütün ömrünü milli mücadiləyə, maarifçiliyə həsr edən naşir, alım, müəllim və siyasətçi kimi tanınır. Moskvada və Parisdə təhsil alan Ismayıl bəy, Rusiya imperiyasında Türk və müsəlman cəmiyyətlərinin təhsil, mədəniyyət və müasirləşməsinin vacibliyini ilk dəfə ortaya ataraq bu ideyaların həyata keçməsi yolunda mübarizə aparıb.
O öz düşüncələrini 1883-cü ildə qurduğu 25 il varlığını davam etdirən "Tərcüman" adlı qəzeti ilə yayıb. Türk xalqlarını birlik və həmrəyliyə çağıran Qaspıralı, "Dildə, fikirdə, işdə birlik!" şüarı ilə türk xalqları arasındakı birliyin əsas istiqamətlərini müəyyənləşdirib.
İsmayıl bəy, öz yazılarında həmçinin müasirləşmənin Avropalılaşma olduğunu, tək yolunun isə təhsildən keçdiyini qeyd ediv. O, İslam məktəblərindəki əsasən dinə əsaslanan təhsil sistemini tənqid edərək, uşaqların ana dillərini daha yaxşı mənimsəmələri üçün şəraitin təmin olunmasını istəyib.
Qaspıralının fəal ictimai, mədəni fəaliyyəti, böyük maarifçilik ideyaları ilə zəngin yaradıcılığı və nəhəng şəxsiyyəti sonrakı nəsillər üçün də bir istinad nöqtəsi və qürur mənbəyi olaraq qalır.
Azərbaycan Yüksəliş Partiyası Türk dünyasının birliyi ideyasının görkəmli ideoloqlarından və mütəfəkkirlərindən biri olan İsmayıl bəy Qaspıralının parlaq xatirəsinə ehtiramını bildirir, ruhu qarşısında baş əyir.