Milli Məclisdə bir neçə qanun layihəsi müzakirəyə çıxarılacaq. Bunların içində "Ali təhsil haqqında" və "Vətənpərvərlik haqqında" qanun layihələri də var. Hazırda adıgedən qanunların üzərində xüsusi yaradılmış işçi qruplar çalışır.
O bildirib ki, hazırlanan layihələrin ilkin olaraq, Milli Məclisin Elm və texnika komitəsində müzakirəyə çıxarılacağı gözlənilir. Hər iki sahə, xüsusilə ali təhsillə bağlı mükəmməl qanunun hazırlanması özlüyündə cəmiyyət və ümumən ölkəmizin gələcəyi üçün çox gərəkli bir məsələdir. Ali təhsillə bağlı ciddi bir konsepsiyanın ortaya qoyulmasının böyük əhəmiyyəti var. Çünki bu, cəmiyyətin gələcək inkişaf strategiyası ilə birbaşa bağlıdır. Ali təhsil məsələsi az qala ölkədə yaşayan hər bir gəncin gələcəyi ilə birbaşa bağlı olduğu üçün hərtərəfli ölçülüb biçilməli, hər bir layiqli, savadlı kəsin mənafeyinə xidmət etməlidir. Buna görə də bu çox vacib və az qala həyatı əhəmiyyət kəsb edən bir qanunun hazırlanması işinə cəmiyyətin fəal və peşəkar kəsimi cəlb edilməlidir.
Ehtiram İlham deyib ki, xüsusilə siyasi partiya təmsilçiləri içərisindən mütəxəssislərin də rəy və təklifləri işin xeyrinə olardı: Həm də bu zaman parlamentdən kənarda qalmış partiyaların bu işə cəlb olunması, cəmiyyətin bütün təbəqələrinin mənafeyi baxımından əhəmiyyətli olardı. Ali təhsil qanununun mükəmməlliyi və çağdaş dövrün tələblərinə cavab verməsi, yüksək ixtisaslı kadrların hazırlanmasına gətirib çıxarardı ki, bu da ciddi islahatlar və quruculuq mərhələsinə qədəm qoyan ölkəmizin qarşısında duran problemlərin həlli yolunda qarant ola bilər.
Əgər müzakirəsi gözlənilən bu qanunlar da əvvəlki, adət etdiyimiz "ənənəvi", şablon qaydada hazırlansa, Milli Məclisin uzun illər boyu hazırladığı qanunlardan fərqlənməyəcək. O qanunlar ki, yalnız iqtidar təmsilçilərinin mənafeyinin müdafiəsinə hesablanıb. Həm də onilliklərdir ki, parlamentin bəh-bəhlə qəbul etdiyi çox qanunların kağız üzərində qaldığı hamıya məlumdur. Ancaq görünən budur ki, yenə heç bir dəyişiklik etmək niyyətində deyillər. Yalnız cəmiyyətin əksər təbəqələrinin təmsilçilərinin açıq, səmimi təklifləri və ekspertlərin fikirləri nəzərə alınmaqla hamını qane edə bilən bir qanun ərsəyə gətirmək olar ki, bu da gənclik kimi böyük gücü hərəkətə gətirə, ölkənin inkişafına töhfə ola bilər.
Ehtiram İlham
AY Partiya Başqanının müavini