Dünən ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı ABŞ dövlət katibi Antoni Blinken son dövrlərdə keçirilmiş görüşləri davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi səciyyələndirib. Antoni Blinken Azərbaycanda kütləvi məzarlığın aşkar olunduğunu qeyd edib, bununla əlaqədar dövlət başçısına başsağlığı verib. Həmçinin telefon danışığı zamanı Azərbaycan-ABŞ əlaqələrinin gələcək inkişafı ilə bağlı müzakirələr də aparılıb. ABŞ dövlət katibi Blinkenin Azərbaycan Prezidentinə zəng etməsi ilə rəsmi Vaşinqton, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasını tezləşdirə bilərmi? Blinkenin Prezident İlham Əliyevlə olan telefon danışığında yeni perspektivlər nələr ola bilər?
Sözügedən mövzu ətrafında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin fikirləri belədir:
“ Əvvəla bunu vurğulamalıyıq ki, Entoni Blinken həm Bakıya, həm də İrəvana zəng edib. Blinken təbii olaraq, telefonda danışıqların mahiyyətinə varası deyil. Çünki tərəflər sülh məsələsi barədə saatlarla üz-üzə danışıb. Bu tipli zənglər diplomatik mesaj xarakteri daşıyır. Kremlə deyilir ki, Qafqazda ABŞ-ın varlığına şübhə etməsin. Amerikanın məqsədi Rusiyanı bir neçə cinahdan sıxışdırımaqdır. O ki qaldı erməni diasporuna, sözsüz ki, onlar müəyyən təsir rıçaqlarına malikdir. Azərbaycan və Türkiyəyə qarşı addımlar atmaqdan çəkinmir. Lakin burada iki problematik məsələ var:
Birincisi, Paşinyanın hakimiyyətə gəlməsində və Rusiyanın bölgədə zəifləməsində səbəbkarlardan biri də məhz erməni diasporudur. Yəni Rusiyaya qarşı barışa meyilli Paşiniyanın arxasında duran qüvvələrdən ən əsası diaspordur. Sülhə qarşı olmaları inandırıcı deyil, çünki davam edən savaş Rusiyanın kartlarını gücləndirir.”
İkincisi, erməni diasporu dünyada baş verən hadisələrin istiqamətini dəyişdirə bilməz, olsa-olsa, ya kiçik maneələr törədər, ya dəstək verər (Paşinyan durumunda olduğu kimi).
vizyontv.az