Böyük Azərbaycan sərkərdəsi, Qacarlar nəslinin davamçısı, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın şəhadətə yüksəlməsindən 218 il ötür.
1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə döyüşdə qəhramancasına şəhid olub.
1748-ci ildə Gəncədə anadan olan qəhrəman sərkərdə Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərindən məharətlə istifadə edərək, antirus koalisiya yaratmağa çalışır, buna müəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içsələr də, həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır.
Cavad xanın başçılığı ilə gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə aparırlar. Ancaq qeyri-bərabər döyüşdə Cavad xan, oğlu Hüseynqulu xan və yüzlərlə qəhrəman gəncəli şəhid olur, Gəncə işğal edilir.
Cavad xanın belə çətin şəraitdə işgalla barışmayaraq, sonadək apardığı mübarizə Azərbaycan xalqının azadlığından heç bir zaman vaz keçməməsinin bariz nümunələrindəndir.
Azərbaycan Yüksəliş Partiyası qəhrəman sərkərdəni sayğı ilə yad edir.