Böyük Britaniyanın baş naziri Boris Consonun istefa qərarını elan edərkən açıqlamasının çox qısa və üstüörtülü olması gözdən qaçmadı. Diqqətli müşahidəçilərin bir neçə sözdən ibarət olan bu açıqlamada əsl mesajı görməsi mümkündür.
Conson kütlə, yəni ona qarşı çıxan çoxluğun fikirini önəmli adlandırsa da, istefa verməsinə səbəb kimi bir neçə böyük layihəni başa çatdıra bilməməsini göstərir. Consonun Böyük Britaniyanı Avropa İttifaqından ayıraraq, iqtisadi gücünü bərpa etməsi, krallığın imperialist nüfuzunu yüksəltməsi və son dövrlər həyata keçirilən xarici siyasət heç də belə olmadığını deməyə əsas verir. Deməli ki, əsl səbəb gizlədilir.
Böyük Britaniyada daxili siyasi-iqtisadi durumun müsbət tendensiya izlədiyi zamanda hökumət üzvlərinin ard-arda istefası, Boris Consonun da mənsup olduğu Mühafizəkarlar Partiyası tərəfindən ona qarşı hücumlar göstərir ki, problem daxili deyil, beynəlxalq vəziyyətdən qaynaqlanır. Hesab edirəm ki, yeni baş nazir dönəmində Böyük Britaniyanın xarici siyasətində ciddi dəyişikliklər baş verə bilər.
Məsələn, krallığın Rusiya-Ukrayna siyasəti ilə bağlı yumşaq siyasət izləməsi ehtimallar arasındadır. Əlbəttə ki, dünya siyasi arenasında çox az sayda xarizmatik liderlərdən biri olan Boris Conson rəhbərliyində bu geridönüş mümkün görünmür. Bununla belə, fundamental xarici siyasət kurslarında dəyişiklik inandırıcı deyil. Xüsusilə, Böyük Britaniyanın ölkəmizlə, o cümlədən Türk dövlətləri ilə bağlı maraqlarının uzun müddət dəyişməyəcəyinə inanıram.
Bununla belə, Böyük Britaniyanın Türk dövlətləri, xüsusilə Türkiyə ilə bağlı siyasətinin Boris Conson timsalında bütün çılpaqlığı ilə təzahür etməsi də bəzi mətləblərə yol açmış ola bilər. Məlum olduğu kimi, Böyük Britaniya rəsmi Ankaranın xarici siyasətdə, o cümlədən NATO çərçivəsində ən önəmli partnyorudur. Bu nüans zəif detal kimi görünsə də, qlobal liderlər tərəfindən qəbul olunmayan Rəcəb Tayib Ərdoğana "çox gözəlsən" xitabı timsalında münasibət diqqətdən kənarda qala bilməz. Böyük Britaniya Boris Conson timsalında Türkiyənin Qərbdəki rəqiblərinə qarşı böyük baryer idi və hesab edirəm ki, onun istefasında birbaşa olmasa da, dolaysı ilə bu detal da rol oynadı.
Son olaraq qeyd edim ki, istefa qərarına baxmayaraq Boris Consonun aktiv siyasətdə qalacağı şübhəsizdir. Consonun “Mühafizəkarlar Partiyasının gələcək liderinə bacardığım qədər kömək edəcəyəm”, - deməsi də onun aktiv siyasətdən çəkilməyəcəyini göstərir.
Anar Əsədli
AY Partiya Başqanı