AY Partiya Başqanı Anar Əsədli "Məmləkət söhbətləri" layihəsi çərçivəsində növbəti dəfə ziyalılarla qəhvəaltı süfrəsində bir araya gəldi.
Budəfəki qonaqlarımız millət vəkili Ceyhun Məmmədov, dəyərli sənətçilər - Güneyli aşıq Çingiz Mehdipur, Xalq artisti, aktyor Vidadi Həsənov, psixiloq-pedaqoq Mələk Kərimova, jurnalist-yazar Məqsəd Nur, tanınmış jurnalistlər – “Reaksiya TV” internet kanalının təsisçisi Zaur Qəriboğlu, Heydər Oğuz, Şöhrət Eldəniz, ictimai fəallar Fariz Həsənli, Kamran Cəfərov idi.
Qonaqlar ölkədə və bölgədə baş verən önəmli olaylardan danışdılar, son vaxtlar İranın Azərbaycana şantaj və təhdidlərinin artmasına diqqət çəkdilər. Bu təhdidlərin qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparıldı, təkliflər səsləndi. Bildirildi ki, istənilən xarici təhdid ideoloji cəhətdən hazır toplumun qarşısında uduzur. Bunun üçün ilk növbədə milli kimliyini dərk edən, sorğulayan, mülahizə yürüdə bilən nəsil yetişdirilməlidir.
AY Partiya rəhbərliyinin də iştirak etdiyi tədbirin sonunda qonaqlar gənclərin “Başla" otağı ilə tanış oldular, Gənclər Təşkilatının sədri və üzvləri ilə söhbət etdilər.