Dahi şair, böyük dramaturq, mübariz yazıçı Hüseyn Cavidin anım günüdür.
24 oktyabr 1882-ci ildə anadan olan Hüseyn Cavid (Rasizadə) Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi sayılır.
Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb.
Hüseyn Cavidin "Ana", "Şeyx Sənan","İblis", "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" əsərləri ədəbiyyatımızın incilərindən sayılır.
Təəssüf ki, sovet Rusiyasının həyata keçirdiyi repressiyalar ondan da yan keçməyib.
1938-ci ildə əks-inqilabi əlaqələr saxlamaq, müsavatçı söhbətlər aparmaq, millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək ittihamları ilə həbs olunan Hüseyn Cavid uzaq Sibirə sürgün olunub və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətində dünyasını dəyişib.
Ölümündən sonra - 1956-cı il martın 6-da bəraət alıb. Nəşi 1982-ci ildə Azərbaycana gətirilərək, Naxçıvanda dəfn olunub.
Azərbaycan Yüksəliş Partiyası böyük dramaturqu sayğı ilə yad edir, əziz ruhu qarşısında baş əyir.